“Vasili ilə yollar ayrılmamalıdır, Çünki onun “Sabah”da görüləsi çox işi var”.
Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında rusiyalı keçmiş futbolçu Boris İqnatyev həmyerlisi Vasili Berezutskinin “Sabah”dakı işini dəyərləndirərkən deyib.
Vaxtilə SSRİ və Rusiya yığmalarında işləmiş 83 yaşlı mütəxəssis Berezutskinin Bakı klubunda daha yaxşı nəticələr əldə edəcəyinə inandığını bildirib:
“Onun müqaviləsinə xitam verilməsi yanlış qərar olar. Vasili 3 aya yaxındır “Sabah”a rəhbərlik edir.
Düşünürəm ki, bu gün onun işinə son vermək heç düzgün olmaz. Ondan böyük nəticələr gözləyirlər.
Amma komandanı formalaşdırmaq üçün ən azı 1 il vaxt lazımdır. Oyunçular da zamanla baş məşqçinin üslubuna öyrəşəcəklər.
Vasili bu postda qalmalı, yaxşı işlər görməyə davam etməlidir”.
“Sabah” Vasili Berezutskinin rəhbərliyi altında 9 matçda 3 qələbə, 4 heç-heçə, 2 məğlubiyyətlə yadda qalıb. 43 yaşlı çalışdırıcının “bayquşlar”la müqaviləsi 2026-cı ilin yayına qədərdir.