“Klub mənə təkliflə müraciət etdi, danışıqlar birbaşa aparıldı.
Layihə mənə maraqlı göründü və razılaşdım”.
Sportinfo.az xəbər verir ki, bunu “Sabah”ın qapıçısı Stas Pokatilov Qazaxıstan mətbuatına açıqlamasında deyib.
Qış fasiləsində Bakı klubuna transfer olunan 32 yaşlı qolkiper komandaya uyğunlaşmasından və ölkə kubokunda “Sumqayıt”la keçirilən matçdakı debütündən danışıb:
“Uşaqlar məni çox yaxşı qarşıladılar, özümü rahat hiss edirəm. Sanki komandada bir neçə həftə yox, bir neçə ay keçirmişəm.
“Sabah”da debüt etdiyim üçün xoşbəxtəm. “Sumqayıt”la matçda qol buraxmamağım gözəldir.
Amma qalib gələ bilmədiyimiz üçün məyusuq. Halbuki çox sayda qol imkanlarımız oldu.
Üzücü heç-heçədir. Amma inanıram ki, öz oyunumuzu sərgiləməkdə davam etsək, qələbələr mütləq gələcək”.
Pokatilov Premyer Liqanın 22-ci turu çərçivəsində fevralın 9-da “Turan Tovuz”a qarşı keçiriləcək ev qarşılaşması barədə də fikir bildirib:
“Rəqibin baş məşqçisi Kurban Berdıyev çox təcrübəli məşqçidir. Ona görə də bizi çətin oyun gözləyir”.