Premyer Liqanın bombardirlər cədvəlinə ənənəyə uyğun olaraq legionerlər başçılıq edir.
“Sabah”ın sol cinah yarımmüdafiəçisi Coy-Lens Mikelslə onun “Araz-Naxçıvan”dan olan həmampluası Felipe Santos hamıdan çox, hərəyə 8 qol vurublar.
2022/23 mövsümündə vurduğu 17 qolla Ramil Şeydayev və Musa Qurbanlıdan geri qalan Mikels bu dəfə hədəfə çata bilər.
Maraqlıdır, özü bu barədə nə düşünür? Mövsümü ən sərrast futbolçu qismində başa vurmaq ehtimalını nə dərəcədə real görür?
Öz dilindən eşidək:
“Ən yaxşılar arasında yer almaq xoşdur. Lakin önəmli olan tutduğun yeri qoruyub-saxlamaqdır.
Səmimi deyəcəm, bu cür oynasaq, mənim üçün çətin olacaq. Təkbaşına heç nə edə bilmərəm. Qolları sıralamağım üçün məhsuldar ötürmələr almalıyam, epizodlara girməliyəm.
Komanda yoldaşlarımdan asılıyam. Kristano Ronaldo da gəlsə, bu vəziyyətdə heç nə edə bilməz”.
30 yaşlı futbolçu cari mövsümdə bütün yarışlarda 25 oyunda 9 qol və 3 assistlə yadda qalıb.
HƏBİB / SPORTİNFO.AZ