“2:1 udduğumuz oyunu 2:3 uduzmaq... Söz tapa bilmirəm”.
“Sabah”ın almaniyalı bombardiri Coy-Lens Mikels Sportinfo.az-a komandasının məğlubiyyətini şərh edib.
Tovuzda keçirilən görüşdə fasiləyə üstün yollanan qonaqlar ikinci hissədə əsl şok yaşadı. Gəncəlilər vacib 2 qol vurmaqla istəyinə çatdı.
“Tələbələr”in ən məhsuldar futbolçusu məğlubiyyətdə buraxılan kobud səhvlərin rol oynadığını gizlətməyib:
“Özümüz “Kəpəz”ə 3 qol hədiyyə etdik. Sanki özümüz təklif etdik ki, “gəlin, bizə qol vurun”.
Bu cür səhvlər olanda, məğlubiyyətə məhkumuq.Belə olmamalıdır!
Niyə belə olduğuna məntiqli izah tapa bilmirəm. Özümə də qəribə gəlir.
Bu aralar hər şey bizə əks gedir. Son 4 oyunda qələbə qazana bilməmişik.
“Neftçi”yə qol vurduq, 1 dəqiqə sonra öz qapımızda top gördük. “Sumqayıt”la qarşılaşmada inanılmaz sayda fürsət yaxaladıq, top qapıya daxil olmadı.
Bu gün də üstünlük tərəfimizdə ola-ola yersiz səhvlərlə üstünlüyü rəqibə verdik.
Avrokuboklara vəsiqəni arzulayırıqsa, məhsuldarlığı artırmalı, səhvlərin sayını azaltmalıyıq. Əks halda, çətin olacaq”.
Sonuncu dəfə 17-ci turda “Araz-Naxçıvan”ı məğlub edən “Sabah” son 4 görüşdə “Şamaxı” ilə “Kəpəz”ə uduzub, “Neftçi” və “Sumqayıt”la bərabərə qalıb.
Aktivində 28 xal olan Masazır təmsilçisi turnir cədvəlində 5-ci sırada yer alıb.
HƏBİB