O, Azərbaycan klubunda bunu bacara biləcəkmi?

1 Mart 23:00 Sabah 557
O, Azərbaycan klubunda bunu bacara biləcəkmi?

Yəqin ki, növbəti turdan "Sabah"ın qapı mövqeyində əcnəbi Stas Pokatilovu görəcəyik.

Vasili Berezutski əlinin altındakı yerli qolkiperlərdən narazı idi. Amma insafən qazaxıstanlı gələn kimi də onlara ehtiyat skamiyanı göstərmədi.

Stas tam hazır olmadığı üçün adı "Sumqayıt"la görüşün protokolunda belə yer almamışdı.

Amma "Kəpəz"lə matçı ehtiyat skamiyadan izləyirdi.

Gənc Yusif İmanov elə onun gözləri önündə kobud xəta ilə yadda qaldı. Özü də ardıcıl iki dəfə.

Bunun fonunda yəqin ki, qarşıdakı görüşdə milli üzvünü ehtiyatda görəcəyik.

Buna öz əllərinlə əlcəklərin təhvil verilməsi də deyə bilərik.

Qazaxıstanlı özünü yaxşı tərəfdən göstərə bilsə, "tələbələr"in çərçivədəki yerli hegemonluğuna son qoymuş olacaq.

Masazır təmsilçisində bu mövqedə sonuncu dəfə stabil çıxış edən Saşa Stamenkoviç olub. Söhbət 2020/21 mövsümündən gedir. 2021/22 mövsümünün birinci yarısında 3 matçda çərçivəni qoruyan sabiq "Neftçi"li rəqabətdə Səlahət Ağayevə uduzub. Elə həmin sezonun qış fasiləsində "Sabah"ı tərk edib.

Düzdü, həmin dönəm serbiyalı ilə bərabər Aleksandr Neçayev də klubda vardı. Amma belaruslu öncə Səlahət Ağayevə, ardınca Yusif İmanovla rəqabətdə diş göstərə bilməyincə yollar ayrılmışdı. O, cəmi 1 matçda 11 dəqiqə meydanda olmuşdu.

Görəsən, Pokatilov Stamenkoviçin yolunu gedib "bir nömrə" olacaq, yoxsa Neçeyev kimi ümidləri puç edəcək?

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 Mart 03:50 Yeni lider var!
2 Mart 02:20 Emilgül yenə uduzdu