Ölkədə yerli futbolçu qıtlığı olduğu bir vaxtda az-çox potensialı olanlar da bundan düzgün istifadə etmir.
Məsələn, Rəhman Daşdəmirov kimi.
"Neftçi"nin yetirməsi bir neçə il əvvəl gününü birinci liqada keçirirdi.
2022/23 mövsümündə komanda sayının 10-a qaldırılması Daşdəmirov üçün də göydəndüşmə oldu. Düzdü, hələ "Keşlə" adlandırılandan bu kluba gəlmişdi.
O, məhz 2022/23 mövsümü "Şamaxı"da göstərdiyi performansla diqqətləri üzərinə çəkə bildi.
36 turun hamısını əsas heyətdə keçirən stoper hətta 1 qol vurmağa da fürsət tapa bilmişdi.
Nəticədə bir neçə klub ona "elçi düşdü".
Arxa xətt oyunçusu yekunda "Sabah"ı seçdi. Təbii ki, bunda alacağı yüksək maaş və məxsus olduğu "Şamaxı"ya ödənilən təxminən 40-50 min arası təzminat az rol oynamadı.
Olsun, iddialı kluba getməyin nəyi pisdir?
Biz də sevindik ki, daha bir azərbaycanlı balasının yaxşı karyerasına şahidlik edəcəyik.
Amma Rəhman arxada qalan iki mövsümdə heç cür heyətdə özünə yer edə bilmədi. Mövqeyində olanlara rəqabətdə açıq-aşkar uduzdu. Nəticədə də yetəri qədər şans görmür. Ötən mövsüm 11 oyunda meydana ayaq basa bildi. Bu matçların əksəriyyəti müvəqqəti baş məşqçi İqor Ponomaryovun dövrünə düşdü.
Bu mövsüm isə cəmi 5 qarşılaşmada forma geyinib. 2-si Premyer Liqa, 3-ü avrokuboklara təsadüf edir.
Nə Murad Musayev, nə də Krunoslav Renduliç ona güvənmədi. Heç Vasili Berezutskinin də ona şans verəcəyi inandırıcı deyil.
Mən nə klubda günah görürəm, nə də məşqçilərdə. Meydan açıqdır. Tələb olunan səviyyədə bacarığın yoxdursa sənə kimsə şans vermək məcburiyyətində deyil.
Komandada olmağının isə "Sabah"a heç bir zərəri yoxdur.
Əksinə mövsüm ərzində 2-3 dəfə kütləvi zədə, cəzalı olanda varlığın işə yarayır.
Bəs 25 yaşda ehtiyatda oturmaqdan məmnun görünən həmyerlimiz nə vaxt sabit oynamağı düşünəcək?
"Sabah" iddialıdır, rəqabət böyükdür. Burada sənə yer yoxdur, bəlkə başqa təklifləri gözdən keçirəsən, ay Rəhman?
Axı səni indi də heyətində görmək istəyən klublar var.
Düzdü, özbaşına deyilsən, klubla müqavilən var. Amma cəhd etsən, oynamaq istəyini göstərsən "Sabah" əl-qolunu bağlayıb saxlayası deyil.
Məsələn, Orxan Əliyev "Turan"dan artıq maaş təklifi eşidən kimi "Kəpəz"dən getmək üçün tökmədiyi dil qalmadı.
Klub rəhbərliyi, baş məşqçi müqaviləsi olan forvardın qalmasını çox istəyirdi. Ona hava-su kimi ehtiyac vardı. Amma Əliyevin israrını görüb, könülsüz saxlamaqdansa, göndərmək yolunu seçdilər.
Əvvəlki illərdə "Sabah"dan digər klublara icarəyə göndərilən və ya yola salınan az olmayıb. Sən də ol onlardan biri.
Olmaya, oynamaq həvəsini göstərmək üçün mütləq yüksək maaş təklifi almalısınız ki, özünüz və menecerləriniz əl-ayağa düşsün?
Ayrılıq üçün hər vasitəyə əl atsın?
Olmaz ki, bir dəfə də pulu, rahatlığı yox, karyeranızı düşünəsiniz?
Zatən ardınca o pul da, rahatlıq da gələcək.
XANOĞLAN/ SPORTİNFO.AZ