Azərbaycan Premyer Liqasında 2024/25 mövsümünün birinci yarısı geridə qaldı.
Arxada qoyduğumuz 18 turda qeyri-sabit çıxış edən klublardan biri də "Sabah" oldu.
İddialı klublarımızdan hesab edilən "tələbələr" 2 dövrənin cəmində vur-tut aktivinə 26 xal yazdıra bildi. Bu, mümkün xalın heç yarısı da deyil. Nəticədə komanda fasiləyə 5-ci pillədə yollanmalı oldu.
Krunoslav Renduliçi baş məşqçi postunda əvəzləyən Vasili Berezutski də qısa müddətdə sabit çıxış sərgiləməyi bacarmadı.
Düzdü, rusiyalı mütəxəssisin gəlişindən sonra ardıcıl uğurlu oyunlar oldu. Amma "Şamaxı" məğlubiyyəti göstərdi ki, sabitlikdən danışmaq hələ tezdir.
Görəsən, buna mane olan nədir? Niyə Masazır təmsilçisi mövsümü arzuladığı kimi keçirmir?
Komandanın yarımmüdafiəçisi Anatoli Nuriyev Sportinfo.az-a açıqlamasında bunun səbəbini çempionatın gərgin keçməsi ilə əlaqələndirib:
"Razıyam, stabil çıxış etmirik. Məncə, çempionat çətin keçir.
Bütün komandalar bir-birinə qalib gələ bilir. Hətta arxada qalan müddətdə "Qarabağ" da məğlub olub.
Düşünürəm ki, ötən mövsümlə müqayisədə Premyer Liqa bu il daha maraqlıdır".
XANOĞLAN