Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Turan Tovuz" - "Sabah" qarşılaşması bədbəxt hadisə ilə yadda qaldı.
Görüşün 19-cu dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Denis Marandiçinin "tələblər"in forvardı Pavol Safranko ilə ikili mübarizədə ayağı sındı.
Moldova millisinin üzvü təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıldısa, istəmədən hadisənin səbəbkarı olan Safranko uzun müddət özünə gələ bilmədi.
Slovakiyalı ilə əlaqə saxlamaqda məqsədimiz özünü necə hiss etməsi və hadisə yaşanan epizodu necə xatırlamasını öyrənmək oldu.
Həm də Denislə danışıb-danışmadığına aydınlıq gətirdik:
"Denis və onun ailəsindən üzr istəyirəm. Hadisə gözlənilmədən baş verdi.
Topu ələ keçirdikdən sonra var qüvvəmlə zərbə endirmək üçün ayağımı irəli atdıqda Denis kənardan gəldi və topa müdaxilə etməyə çalışdı. Bu vaxt topa zərbə üçün irəli atdığım ayağım onun ayağına dəydi.
Amma tam səmimi deyirəm, onun gəldiyini görmədim. Sonrasında nə baş verdiyinin isə hamı şahidi oldu.
Denisin uzun müddət kənarda qalacağını bilirəm, buna görə özümü çox pis hiss edirəm. Onun tezliklə sağalmasını arzu edirəm.
Əlbəttə, oyun bitdikdən sonra ona mesaj yazdım, həmçinin onu xəstəxanada ziyarət edəcəm.
Futbol bir tərəfdir, normal həyat isə tam başqa.verdi".
XANOĞLAN / SPORTİNFO.AZ