Azərbaycanda işləyən məşhur rusiyalı məşqçilərin siyahısına daha birinin adı əlavə olundu.
Yuri Syomin, Sergey Yuran, Murad Musayev, Kurban Berdıyev kimi ünlülərin ardınca Vasili Berezutski də ölkəmizin çörəyini yeyib, suyunu içib, pulunu qazanacaq.
Futbolçu kimi uzun illər ÇSKA-nın və Rusiya millisinin kapitan sarğısını daşımış, İngiltərə millisinin qapısına qol vurmuş keçmiş “14 nömrə”nin “Sabah”da Krunoslav Renduliçi əvəzləməsi futbolsevərlər tərəfindən isti qarşılanmayıb.
Bu da təsadüfi deyil. İddialı komanda arzusu ilə yaşayan azarkeşlər baş məşqçi postunda məşqçi kimi tanınan simanı görmək istəyən anda klub rəhbərliyi baş məşqçi kimi debütünü Azərbaycanda edəcək birini iş başına gətirdi.
Odur ki, əksəriyyət Berezutskinin nəyisə dəyişə biləcəyinə, “Sabah”ı zirvəyə qaldıracağına inanmır. Klubun sosial şəbəkə hesablarındakı paylaşımlara yazılan izləyici şərhlərindən ümumi vəziyyəti anlamaq çətin deyil:
“Guya normal məşqçi gətirdiniz?”
“Uğurlu məşqçiyə oxşamadı nədənsə. İnşallah, uğurlu olar”.
“Heç bir uğuru olmayan adamı gətirməyin nə mənası var? Çempionatı 6-cı yerdə bitirsı, şükür eləsin”.
“Bu, hər yerdə köməkçi olub. Bunu niyə gətiriblər? Murad Musayevin heç yarısı da deyil”.
“Yerli məşqçi gətirmirsiniz, özünüz bilərsiniz. Bu, kimdir ki? Hansı nailiyyətlər qazanıb məşqçi kimi? Yanlış addımdır”.
“Bu, baş məşqçilik etməyə yox, öyrənməyə gəlib”.
“Bizim klubları başa düşə bilmirəm. Nəyi axtarırsınız, kimi axtarırsınız? Həqiqətənmi gözünüz o qədər bağlıdır ki, yerli məşqçiləri görmürsünüz”.
“İşlədiyi klublarda 1 ildən artıq qala bilməyən köməkçi məşqçini ancaq bizim klublar baş məşqçi kimi dəvət edib, 2,5 illik müqavilə bağlaya bilər”.
“Növbəti yanlış, qeyri-ciddi təyinatdır. ”Futbolumuzun sabahı” terimini artıq sizlik deyil”.
“Pro kateqoriyalı bu qədər yerli məşqçilər ola-ola, niyə başqa ölkədən dəlləkliyi başımızda öyrənən gəlməlidir?
42 yaşlı mütəxəssis “Vitess” (Niderland), ÇSKA, “Krasnodar” (hər ikisi Rusiya), “Şanxay Şenxua” (Çin) klublarında köməkçi məşqçi kimi çalışıb.
HƏBİB