Futbol proqnozları sevmir, xüsusilə bu işdə mahir olduğunu iddia edənləri. İddialı olmaq yaxşıdır, amma riskli mövzularda yox.
Risk demişkən, bu yaxınlarda “Sabah”ın yeni baş məşqçisinin – Vasili Berezutskinin təyinatını məhz “riskli” olaraq dəyərləndirənlərin sayı durmadan artır.
Bu cür fikirdə olanlarla ikiəlli razıyam. İstənilən transfer, keçid özlüyündə müəyyən risklər daşıyır. Amma baxır hansı səviyyədə...
Ola bilsin, “Sabah”ın gənc rusiyalı seçimində bu “şkala” daha yüksək olub ki, bu sözdən daha tez-tez istifadə edilməyə başlanılıb.
Bu keçidin riskli olduğu ilə yanaşı, bir də uğursuz olacağını iddia edənlər də var. Özü də elə-belə yox ha, əminliklə iddia edənlər.
Hələ buna görə klub rəhbərliyini sərt şəkildə tənqid edənlərə də rast gəlinir. Hə, bax bu fikirdə olanlar üçün risk amili “Sabah”ın seçimindən daha çoxdur.
Seçimin uğursuz olduğunu iddia edənlər bunu Vasilinin baş məşqçi təcrübəsinin olmamasına bağlayırlar. Yeganə səbəb budur, başqa heç nə.
Yəni bir mütəxəssis nə vaxtsa, bu dünyada olmasa da, məsələn, “paralel dünya”da baş məşqçi işləməyibsə, ondan uğur gözləməyə dəyməzmiş.
Dünya futbolunda yeni kəşf – sən demə, baş məşqçi zamanla olunmurmuş, baş məşqçi doğulurmuş. Deyirlər, qulaq gündə bir söz eşitməsə kar olar. Nə yaxşı, bunu da eşitdik, bunu da gördük, bunu da oxuduq.
Hələ bu “şorba”ya duz, bibər kimi yeni təyinatın rusiyalı olmasını qınaq kimi qatanlar da var ki, o da tam başqa söhbətin mövzusudur.
Qayıdaq Berezutskinin keçidinin əminliklə uğusuz olacağını iddia edənlərə.
Əminəm ki əksi yaşansa (yəni işdir Berezutski bütün risklərin öhdəsindən gəlib uğurlu olsa), həmin şəxslər əlini qaldırıb “mən səhv etmişəm” deməyəcək - sakitcə aradan çıxacaqlar.
Odur ki, proqnoz pis şey deyil, amma bunu gərək əmin olduğun məsələdə edəsən. Əmin olmadığın şeylə bağlı proqnoz verirsənsə, deməli ya bu işi bacarmırsan, ya da qərəzlisən.
Qərəzli olanlarla işim yoxdur, digərlərinə isə məqalənin birinci cümləsini oxumağı məsləhət görərdim.
Xəlil Sadıq