"Sabah"ın kapitanı Elvin Camalov Premyer Liqanın 14-cü turunda "TuranTovuz"la bərabərə bitən (1:1) matçdan sonra Sportinfo.az-a müsahibə verib.
O, ilk öncə qarşılaşma barədə danışıb.
- Çətin oyun olacağını bilirdik. Gözlədiyimiz kimi də oldu. Tovuzda oyunlar həmişə çətin keçir. Bunda meydançanın örtüyünün süni olması da müəyyən rol oynayır. Rəqib bu mövsüm yaxşı nəticələri ilə seçilir. "Turan"la Masazırdakı oyunumuz da gərgin keçmişdi. Tovuza qələbə üçün getmişdik. Təəssüf ki, buna nail ola bilmədik.
- Son 6 oyunda 5-ci bərabərlik yaşandı. Əsas məqsədiniz, sadəcə məğlub olmamaqdan ibarətdir?
- Əsas məqsədimiz qalib gəlməkdir. Lakin bəzən meydanda hər şey istədiyimiz kimi alınmır.
- Əksəriyyət "Sabah"ın yaxşı oynadığını, amma şanssızlıq yaşadığı qənaətindədir. 7 oyunluq uğursuzluğun yeganə səbəbini bəxtsizlik saymaq olar?
- Kənardan da belə görünürsə, deməli bunda həqiqət payı var. Təbii ki, hər şeyi bəxtsizliklə əlaqələndirmək olmaz. Nələrisə düz etmirik ki, qalib gələ bilmirik. Qarşıdakı oyunlarda bunu aradan qaldırmaq üçün əlimizdən gələni edəcəyik.
- Növbəti tur autsayder "Səbail"lə matç var. Bu, "qara zolaq"dan çıxmaq üçün son şans, əla fürsət hesab edilə bilər?
- Çempionatda istənilən oyun çətin keçir. Rəqibin hansı pillədə olması ciddi önəm daşımır. Meydana qələbə üçün çıxacağıq. İnanıram ki, bu dəfə azarkeşlərimizi qələbə ilə sevindirəcəyik.
XANOĞLAN İMANOV