2017-ci ildə yaradılan "Sabah" Premyer Liqada 7-ci mövsümünü keçirir.
Klub arxada qalan müddətdə 7-ci baş məşqçisi ilə dünən anlaşdı.
Orta hesabla hər mövsümə 1 baş məşqçi.
Elşad Əhmədovla başlayan yol Vasili Berezutski ilə davam edəcək.
Aradakı müddətdə isə yerli mütəxəssis Ramin Quliyev, rusiyalı Murad Musayev, xorvatiyalı Jelko Sopiç, Krunoslav Renduliç və ispaniyalı Visente Qomes Masazır klubunun baş məşqçi postunu icra edib.
7 baş məşqçidən nə az, nə çox 5-i əcnəbi olub.
Klubun ən yaxşı dövrü Murad Musayevin adı ilə bağlıdır. Onun başçılığı altında komanda gümüş medal qazanıb və avrokuboklarda 1 mərhələ adlayıb.
Ölkənin ən varlı 3-cü klubu üçün bu göstərici çox aşağı nəticədir.
7 mövsümdə 7 baş məşqçi dəyişəsən, amma bir titul qazana bilməyəsən. Bunun adı fiaskodur!
Premyer Liqanın qızıl medalı əlçatmaz görünə bilər. Burada "Qarabağ" adı var. Bəs ölkə kubokuna nə söz?
Buradakı uğur qazanmaq mümkündür. Bəli, orada da "Qarabağ" var. Amma Premyer Liqadakı qədər əzəmətli deyillər.
Belə olmasaydı, "Keşlə" 1 dəfə, "Qəbələ" isə 2 dəfə ölkə kubokunun qalibi olmazdı.
Hələ "Zirə"nin və aşağı büdcəli "Sumqayıt"ın iki dəfə final oynamasını demirəm.
"Sabah" isə bu müddətdə nəinki qalib olmaq, heç finalçı olmağı belə bacarmayıb.
Deməli, 7 mövsüm bada verilib. Rəhbərliyin işi-gücü ölkənin milyonlarını əcnəbi məşqçiləri əlcək kimi dəyişməyə, hər yay fasiləsində yeni heyət formalaşdırmağa xərcləmək olub.
7 mövsüm bir igidin ömrüdür. Bu müddətdə böyük layihələri başlatmaq, faydalarını görmək olar.
Amma "Sabah" rəhbərliyi bu müddətdə nə bir sistem qura bilib, nə də ciddi bir nailiyyət əldə edib.
Ən pisi də odur ki, bu gün "Sabah"da söz yiyəsi olan Balakişi Qasımov AFFA-nın vitse-prezidenti, Maqsud Adıgözəlov isə İcraiyyə Komitəsinin üzvüdür.
Və bu adamlar Azərbaycan futbolunun xilaskarı olmaq sevdasındadır.
Bir klubun baş-ayağını yığa bilməyənlər ölkə futboluna mədət olmaq havasındadır.
Buna "Sabah"a umac ova bilməyənlərin AFFA-da əriştə kəsmək həvəsi də deyə bilərik.
XANOĞLAN İMANOV