"Sabah"da Krunoslav Renduliç dönəmi başa çatdı.
Ötən mövsümün ikinci yarısı "tələblər"in başına keçən xorvatiyalı mütəxəssisin burada ömrü təxminən 8 ay çəkdi.
Onun gedişi həftələr əvvəldən gözlənilən idi. Ki, nəticələr buna aparırdı. Komanda 7 turdu qələbə üzünə həsrətdisə, deməli, dəyişiklik qapıdadır. Çemodanı yanında olan baş məşqçi hər an gedə bilər.
Ki, gözlənilən hadisə Tovuzdakı son qarşılaşmadan sonra rəsmiləşdi.
Halbuki qələbənin hər şeyin yenidən başlanması üçün son şans olduğunu düşünənlər də az deyildi.
51 yaşlı mütəxəssisin bir qələbə ilə uğurlu seriya yaxalamağa ümid etməsi də bundan irəli gəlirdi.
Amma başverənlər göstərir ki, klub Renduliçlə bağlı qərarı daha öncədən verib. Tovuzdakı səhnə isə sadəcə şou idi. Qələbə yolunda klub daxilində hansısa vəhdətin olmasından söhbət gedə bilməz
Belə olmasaydı, çox vacib səfərdə klub rəhbəri Maqsud Adıgözəlov və digər səlahiyyətli şəxslər komandasının yanında olardı.
Futbolçulara, məşqçilərə dəstək olar, birlik göstərərdi. Bəlkə onda qələbə də gələrdi.
Əvəzində rəsmi şəxslərdən yalnız idman direktoru İqor Ponomaryov qonaq tribunada yer almışdı.
Pis gündə onun yanında yer alıb, meydandakılara dəstək olmalı olan digərləri isə ya Moskvada, ya da Bakıda Vasili Berezutski ilə masa arxasında əyləşib, müqavilə şərtlərini razılaşdırırmış.
Renduliçin ayrılıq xəbərindən dəqiqələr sonra yeni baş məşqçinin təyinatına başqa nə izah tapmaq olar?
Renduliçin bu şəkildə göndərilmə planı peşəkar kluba yaraşmadı.
Əgər yola salınacaqdısa, buradan Tovuza ayaq döyməyinə nə gərək vardı? Bir halda ki qələbə də onu postunda saxlamayacaqdı.
Əvəzində onu yola salıb, Ponomaryovu müvəqqəti baş məşqçi postuna gətirmək olardı.
Qərb səfərinə yollanan yeganə klub rəsmisinin tribunada yox, ehtiyat skamiyada yer alması bəlkə də 3 xalın zəmanətçisi ola bilərdi.
Axı belə təcrübə klubda yaşanıb.
Digər tərəfdən yeni baş məşqçi xəbərindən duyuq düşəcək futbolçular meydanda gəzməz, daha diri görünər, yeni baş məşqçiyə özlərini göstərmək həvəsinə düşərdilər.
XANOĞLAN İMANOV