Premyer Liqanın 14-cü turunun mərkəzi qarşılaşması Tovuzda baş tutdu.
Burada uğurlu mövsüm keçirən "Turan Tovuz" iddiaları böyük, nəticələri biabırçı olan "Sabah"ı qonaq etdi.
Ehtimal etmək olardı ki, dolu tribunalar önündə dramatik matç izləyəcəyik.
"Turan" azarkeşlərdən alacağı cəsarətə, qonaqlar da heyətinin keyfiyyətinə güvənə bilərdi.
Amma heç birini görmədik.
Sanki meydana iki istəksiz, ruhsuz komanda çıxmışdı. Meydan sahibləri mövsümün ən pis oyunlarından birini keçirdiyini əminliklə demək olar. Düzdü, Berdiyevin yetirmələrinə bərabərlik də kafi hesab edilə bilərdi. Bəs azarkeşlərinə?
Onlar qətiyyən bu düşüncədə deyildilər. Zaman-zaman komandalarının arxadan oynamasına, vaxtı uzatmasına, geriyə ötürmələr etməsinə sərt etiraz etmələri də bundan irəli gəlirdi. Lakin təzyiq heç bir təsirə çevrilmədi. Bölgə klubu startdan sonra kimi öz oyun modelindən vaz keçmədi.
Tovuzlu azarkeşlərini güclü rəqiblə oyunda bərabərlikdən narazı salan, qələbəyə şirnikləndirən həm də Renduliçin yetirmələri idi.
"Tələbələr"in astagəl futbolunu xorvatiyalıdan başqa anlayan çətin tapılar.
Sanki hər keçən tur turnir cədvəlinin yuxarılarından aşağı enən, sonuncu dəfə qələbəni həftələr yox, aylar əvvəl qazanan heç bu "Sabah" deyil.
Futbolçular meydanda bu qədər rahat, bəlkə də məsuliyyətsiz görsənirdilər.
Utanmasalar, qazanılan 1 xalı da sonda 3 xal kimi qeyd edərdilər.
XANOĞLAN İMANOV