«Sabah» rəhbərliyi tezliklə əsas problemə əncam çəkməsə, komanda gələn ilin yayında istirahətə yollanacaq, avrokuboklarda iştirak etməyəcək.
Nədir bu «əsas problem» dediyimiz…
Problemin adı Kruno, soyadı Renduliçdir. «Standart paket» bir məşqçinin əlində qalıb bu boyda klub.
«Sabah» Premyer Liqanın ən yüksəködənişli 3 klubundan biridir. Əldəki futbolçularla gərək ilk həftələrdən liderlər qrupunda olardılar.
Bu futbolçular ki var, onlarla çempionluq uğrunda mübarizə aparmaq mümkündür.
Heyrət edirəm, Kruno belə heyrətlə altı turdur necə qələbə qazana bilmir.
İki variantdan biridir: ya o, məşqçi olaraq başını itirib, vəziyyətdən çıxış yolu tapmır, ya da ki, oyunçular onunla işləməkdən təngə gəlib.
Rəhbərlik komandanın daxili həyatına müdaxilə etmir. Xorvatiyalı bu mənada tam sərbəstdir. Əlinin üstündə əl görmür.
Belə asudə işləməkdən gözəl heç nə yoxdur, gəl ki, Renduliç iş prosesində, yanaşmasında xırda bir dəyişiklik də etmir.
«Sabah»ın futbolçularını gecənin bir çağı qəfil yuxudan oyat və de ki, çıx indi «Kəpəz» ud, udacaqlar, udmalıdırlar da.
Renduliç bunlara nə məşq keçir, hansı taktikadan danışır, söhbət edirsə, komanda meydanda «canlı meyit»dən bir balaca fərqlənir, çox yox.
Klubun başbilənləri təcili qərar verməlidir. Nə gedir, gündən gedir.
Vaxt qiymətlidir. Renduliçin barəsində ölçü götürülməlidir.
ELNUR