"Oyunçularımı təbrik edirəm. Onlar bu gün mükəmməl çıxış etdilər. Son saniyəyə qədər keyfiyyətli, inadkar oyun göstərdik. Amma əfsuslar olsun ki, çox qol epizodundan yararlanmayanda, qalib gələ bilmirsən. Futbolda ən yaxşı qol fürsəti penaltidir. Onu da qaçırdıqdan sonra qələbə gözləmək bir az çətin olur. Bu gün biz qalibiyyətə daha yaxın idik. Əfsuslar olsun ki, bu gün iki xal itirdik. İlk saniyədən sona qədər yaxşı idik. Xüsusən də ikinci hissədə. İki xal itirdik, amma ağlamaq üçün vaxtımız yoxdur. Sabahdan etibarən qarşıdan gələn rəqib haqda fikirləşəcəyik".
Sportinfo.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Azərbaycan Premyer Liqasının 11-ci turunun “Neftçi” ilə oyunundan sonra mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını cavablandırıb.
- Məgər "Sabah" yalnız "Neftçi" ilə oynamalıdır ki, qol buraxmasın? Onlarla görüşlərdə qol buraxmırsınız....
- Federasiyadan istəyəcəyik ki, qarşıdakı turda da rəqibimiz "Neftçi" olsun(gülür). Amma əmin deyiləm ki, bu mümkündür.
- Dörd oyundur ki, qələbə üzünə həsrətsiz. Özünüz üçün ağlamağa vaxtınız olmasa da, qələbəsizlik seriyası ilə azarkeşlərinizi ağladırsız. Seriyanın qırılmasına zaman lazımdır?
- Əlbəttə ki, bunlar futbolun bir parçasıdır. Bu cür hallar davam edir. Son 4 oyunda daha çox xallara layiq idik. "Qarabağ"la oyundan başlayaraq belədir. Azarkeşlərə nə deyə bilərəm, heç kim qaranti vermir ki, biz hər oyunda qalib gələcəyik. Amma onlar komandamızın bir parçasıdır. Bizi dəstəkləməyə davam etsinlər. Ümid edirəm ki, qarşıda qalib gəlib birlikdə qeyd edəcəyik.
- Üç xalı əvəz edən məqam yaxşı oyun olsaydı, yəqin ki, turnir cədvəlində daha yuxarı sıralarda olardınız?
- Mən bayaq sadəcə zarafat etmək istəyirdim, təhqir yox. Əlbəttə ki, hər zaman yaxşı oynamaq lazımdır. Pis oynasan, xalları əldə edə bilməyəcəksən. Bu gün yaxşı hallardan biri də qapımızda qol görməmək idi.
- Avrokuboklar uğrunda mübarizə aparan heç bir komandaya qalib gələ bilməmisiz. Avrokuboklar şansının təhlükədə olduğunu düşünürsüz?
- Hələ yanvara qədər çox var. Mən yanvarı yox, yalnız sabahı fikirləşirəm. Yanvar çox irəlidədir. İndiyə qədər qazandığımız xallardan razı deyiləm, daha çoxuna layiqik. Amma oyunçularıma dedim ki, onlardan razıyam. Bu gün bəxtimiz gətirmədi.