Turun gərgin və prinsipial qarşılaşmalarından biri “Bank Respublika Arena”da baş tutacaq.
Bazar günü medallara iddialı “Sabah” ötən həftə mövsümdə ilk qələbəsini qazanan “Neftçi”ni qəbul edəcək.
Hələ keçən çempionatın sonunda “Neftçi Arena”da qazandığı qələbə ilə “ağ-qaralar”ı avrokuboklara vəsiqədən məhrum edən “tələbələr” cari mövsümün birinci dövrəsində bu rəqibi üzərində 2:0 hesablı qələbəyə sevinib.
Odur ki, budəfəki oyunun gərginliyini indidən hiss etmək çətin deyil.
“Sabah”ın slovakiyalı hücumçusu Pavol Şafranko Sportinfo.az-a açıqlamasında məlum qarşılaşma ilə bağlı fikirlərini bildirib:
“Çempionatda istənilən komanda ilə oyun çətin keçir. Bu, futboldur, uğurlu anlar olduğu kimi, uğursuz anlar da qaçılmazdır.
Əvvəlki oyunlarda heç-heçə etdiyimiz rəqiblər də yaxşı komandalar idi.
Biz isə sadəcə, hər oyundan-oyuna özümüzü bir az da təkmilləşdirməli və hədəfimizə nail olmaq var qüvvəmizlə mübarizə aparmalıyıq”.
Oktyabrın 27-də baş tutacaq “Sabah” – “Neftçi” qarşılaşmasının start fiti saat 17:00-da çalınacaq.
HƏBİB