Pavol Safranko üçün Azərbaycan Premyer Liqası heç də xoş axarda getmir.
Düzdü, bu gün "Sabah" çempionatın ən məhsuldar hücum xəttinə məxsusdur.
Vurduğu 16 qolla.
Amma həmin 16 qoldan yalnız 1-i slovakiyalı hücumçunun aktivində idi.
"Səbail"lə 7-ci tur matçına kimi.
Bayıldakı inamlı qələbədə "18 nömrə" də adını tabloya yazdıra bildi.
O, öncə ilk hissədə rəqib torunu silkələməyi bacarsa da VAR qolu hesaba almadı.
Amma ikinci yarıda fərqlənmək əcnəbi futbolçuya müəssər oldu.
Və bunda komanda yoldaşı Con Leys Mikelsin alqışalayiq jestini qeyd etmək yerinə düşər.
Belə ki, hazırda "tələblər"in ştatlı penal vuranı almaniyalı vingerdir.
"Kəpəz"lə səfərə oyununda da nöqtəyə o yaxınlaşıb və uğurlu olub.
Bombardirlər cədvəlində 4 qolla ikinci pilləni tutan Mikels üçün hesabındakı qolların sayını artırmaq baxımından "Səbail"in qapısına təyin edilən penalti göydəndüşmə olub.
Matçdakı ilk qolun müəllifi psixoloji baxımdan da məsuliyyəti üzərinə götürməyə tam hazır idi.
Lakin o, fərdi uğurunu komanda yoldaşına qurban verib.
Nöqtəyə Pavolun yaxınlaşmasına şərait yaradıb.
Bununla komanda yoldaşının özünə inamını artırmasına yol açıb.
Axı o da yaxşı bilir ki, 6 matçda cəmi 1 qol vuran hücumçunun əhvalı yerində ola bilməz.
Bu jestin Safrankonun gələcək oyunlarda daha məhsuldar olmasına psixoloji baxımdan böyük dəstək olacağı şübhəsizdir.
Bu addım Renduliçin kollektivində olan birliyin göstəricisidir.
Görünür, mövsümə iddialı başlamaq təsadüf yox, məntiqə uyğundur.
Qalır müsbət auranı sona kimi qoruyub-saxlamaq.
XANOĞLAN /SPORTİNFO.AZ