"Sabah" Premyer Liqadakı məğlubiyyətsiz seriyasını 5 matça çatdırdı.
"Tələbələr" bu dəfə Bayıl səfərində 3 xala gülən tərəf oldu - 2:4.
Lakin müdafiə xətti yenə baş məşqçi Renduliçi narahat etmiş oldu.
Əbəs deyil ki, əcnəbi mütəxəssis oyunsonrası mətbuat konfransında da arxa xətt barədə narazılığını dilə gətirdi.
Həqiqətən də bu gün "Sabah"ın hücum xətti vurduğu 16 qolla "Qarabağ"la birgə liqanın ən yaxşısıdır.
Amma müdafiə barədə eyni sözləri demək olmaz.
Qapısında 11 qol görən Masazır təmsilçisi "Kəpəz" və "Səbail"dən sonra ən çox qol buraxan kollektivdir.
Maraqlıdır, hücum və müdafiə arasındakı belə natamamlıq nə ilə bağlıdır?
Sorğumuza cavab olaraq hücum və müdafiə arasındakı halqanın əsas fiquru olan İvan Lepiniça bunları dedi:
"Boşluq olduğunu deməzdim. Hamımız hücumda da müdafiədə də iştirak edirik.
Biz bir komandayıq. Qollar vurmağa davam etməliyik və əlbəttə bununla birlikdə arxa xətdə də maksimum ehtiyatlı oynamalıyıq.
Hamı komandanın uğur qazanması üçün əlindən gələni edir. Ümid edirəm ki, birgə işimiz öz bəhrəsini verəcək".
XANOĞLAN / SPORTİNFO.AZ