COP29

“Sabah”ın xoş jesti və... Onlar üçün əsl futbol bayramı - FOTOLAR

16 Sentyabr 17:40 Sabah 678
“Sabah”ın xoş jesti və... Onlar üçün əsl futbol bayramı - FOTOLAR

Azərbaycan çempionatının son həftəsinin afişası bizi maraqlı turun gözləyəcəyindən xəbər verirdi.

Xüsusilə, bu tura kimi turnir cədvəlinin ilk iki pilləsində qərarlaşmış “Sabah” və “Turan Tovuz” arasında Masazırda baş tutacaq oyun ölkə çempionatının azarkeşlərinin xüsusi diqqət mərkəzindəydi.

İnsafən, oyuna əsasən demək olar ki, azarkeşlər istəyinə çatdılar. Oyun Tovuz təmsilçisinin ölkə çempionatının cari mövsümündə ilk qolu buraxması ilə yaddaqalan oldu. Təcrübəli mütəxəssis Kurban Berdıyevin komandası hesabda iki dəfə geri düşsə də, meydan sahibi “Sabah” tovuzlulara ilk məğlubiyyəti yaşada bilmədi. Tovuz klubu son dəqiqələrdə daha bir qol vursa da, yan xətt hakimi top ötürülən zaman qapı xəttini keçdiyini əsas gətirərərək, qolu qeydə almadı. Bir sözlə, bu matçda azarkeşlərin marağını cəlb edəcək hər şey var idi – qollar, mübahisəli epizod, mübarizə...

Oyun gec saatlarda başlasa da, matça azarkeş marağı da kifayət qədər idi. PFL-in rəsmi protokoluna əsasən görüşü 2420 tamaşaçı tribunalardan izlədi. Düzdü, ilk baxışda bu rəqəm elə də çox görünməyə bilər. Lakin bu sayın turun ən yüksək nəticəsi olduğunu nəzərə alsaq, Azərbaycan çempionatı səviyyəsində oyuna marağın kifayət qədər yüksək olduğunu demək olar. Tovuzdan minə yaxın azarkeşin uzun yol qət edərək “Bank Respublika Arena”ya gəldiyini xüsusi vurğulamaq lazımdır.

Oyun 15 sentyabr – Bilik Günündə baş tutduğundan, Peşəkar Futbol Liqası bu xüsusi günə həsr olunmuş sosial layihə də həyata keçirdi. Belə ki, futbolçular yaşıl meydana çıxarkən onları çiynində məktəbli çantası, əllərində üçrəngli Azərbaycan bayrağı olan məktəblilər müşayiət edirdi. Oyundan öncə isə Azərbaycan Respublikasının dövlət himni səsləndi.

“Sabah” Futbol Klubu da PFL-in bu layihəsinə xoş jesti ilə dəstək olmuşdu. Belə ki, oyundan bir neçə gün öncə klub sosial şəbəkə hesablarında oyuna gələcək məktəblilərə və onları müşayiət edəcək valideynlərinə pulsuz biletin təqdim olunacağı barədə elan vermişdi. Oyun günü kassanın qarşısında klubun nümayəndəsi oyuna məktəbli övladı ilə gəlmiş insanlara pulsuz biletləri paylayırdı. Elə məhz bu kampaniyanın nəticəsi idi ki, oyunu stadiondan izləyənlər arasında kifayət qədər azyaşlıya rast gəlmək mümkün idi. “Sabah” klubunun matçdan öncə stadionun önündə azarkeşlər üçün təşkil etdiyi ənənəvi fan zona məktəblilərin bayramına bir qədər də rəng qatmışdı.

Bir sözlə, bazar günü “Bank Respublika Arena”da xoş bir mənzərə var idi. Meydanda sərgilənən maraqlı oyun bu mənzərə ilə birlikdə xoş bir vəhdət təşkil edirdi. Futbol məhz bu cür xoş mənzərələri ilə gözəldir. Davamlı olması diləyi ilə...

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti