“Sabah”ın Slovakiyadan olan hücumçusu Premyer Liqanın başqa komandasında oynaya bilərmiş.
Söhbət Pavol Şafrankodan gedir.
29 yaşlı forvard bu ilin yanvarında “Neftçi”ylə danışıq aparıb. Lakin sövdələşmə son anda baş tutmayıb.
Pavol Sportinfo.az-a açıqlamasında ortaya çıxan problem barədə danışıb:
“Ötən mövsümün qış fasiləsində “Neftçi”ylə müəyyən danışıqlarımız olmuşdu.
Lakin transfer məsələlərində ortaq məxrəcə gələ bilmədik. Daha doğrusu, “Neftçi” həmin vaxt müqavilə ilə məxsus olduğum Rumıniya klubu “Sepsi”nin tələb etdiyi təzminatı ödəmədi.
Son söz “Sepsi” rəhbərliyində olduğundan, edə biləcəyim bir şey yox idi. Elə alındı ki, yayda “Sabah”la razılaşdıq”.
Slovakiya millisində 10 oyunda meydana çıxan hücumçu cari mövsümdə “Sabah”ın heyətində 9 oyunda 3 qolla yadda qalıb.
HƏBİB