COP29

Bu axşam onlar üçün son şansdır – Belə biabırçılıq olmaz!

15 Avqust 16:40 Sabah 1 157
Bu axşam onlar üçün son şansdır – Belə biabırçılıq olmaz!

Macarıstanda “Makkabi Hayfa”nın qapısından 3 cavabsız top keçirən “Sabah” o gündən bu yana özünə bənzəmir.

Əslində, həmin gün də parlaq çıxışla yadda qaldığını iddia etmək çətindir. Sadəcə, rəqibin səhvlərindən məharətlə yararlanıb 2-si əks-hücumda olmaqla 3 top vurdular.

“Tələbələr” cari mövsümdə meydana çıxdığı 5 oyunda görüb-götürdüyü elə həmin qələbədir. “Makkabi”yə Bakıda 3:6 hesabı ilə uduzdu, sonra “Şamaxı” ilə bərabərə qaldı (2:2), ardınca İrlandiyada “Sent Patriks”ə boyun əydi (0:1), ötən bazar da “Zirə”nin qarşısında aciz qaldı – 0:2.

5 oyun, 1 qələbə, 1 heç-heçə və 3 yenilgi. – transferlərdən doymayan, hər cür şəraitə malik, başında əcnəbi mütəxəssisin dayandığı “Sabah”ın startdakı göstəriciləri belədir.

Bu gün sonuncu imtahan günüdür. Krunoslav Renduliçlə rəhbərlik etdiyi kollektiv “Sent Patriks”in suallarını cavablandırmalı olacaq. İrlandlar ilk matçda qazandığı qələbənin üstünlüyündən maksimum yararlanmağa çalışacaq. Bizimkilər isə mərhələ keçmək üçün dəridən-qabıqdan çıxacaq.

Onsuz da, “Makkabi” üzərindəki qələbəni böyük əksəriyyət təsadüf və ya ilk oyunda israillilərin təmsilçimizi lazımınca dəyərləndirməməsi kimi qələmə verir. “Sent Patriks”lə qarşılaşma “Sabah”a qiymət vermək üçün əsl məqamdır.

Bacarmasalar, nə “Makkabi” uğurunu gözə soxa biləcəklər, nə də futboldan danışmağa haqları çatacaq.

Orta səviyyəli Avropa klubundan da aşağıda dayanan “Sent Patriks”i meydana çıxmağa peşman etmək lazımdır. Həm də qol yox, qollarla. Başqa variant yoxdur. Bu komandaya uduzmaq çox böyük biabırçılığa yol açacaq.

Bu axşam “Əlincə Arena”da baş tutacaq qarşılaşma saat 20:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…