COP29

"Sabah"ın düşərgəsində son durum - Nə vəd edirlər?

15 Avqust 11:20 Sabah 693
"Sabah"ın düşərgəsində son durum -  Nə vəd edirlər?

"Sabah" bu gün qısa tarixinin böyük matçlarından birinə çıxacaq.

Komandamız Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında "Sent Patriks"i qəbul edəcək.

"Tələblər" mərhələ adlayacağı təqdirdə tarixində ilk dəfə avrokuboklarda pley-off oynamaq şansı qazanacaq.

Düzdü, son həftələr Renduliçin yetirmələri üçün uğurlu keçmir.

Premyer Liqada "Şamaxı" ilə bərabərə qalan (2:2), "Zirə"yə məğlub olan (0:2) Masazır təmsilçisi İrlandiyadan da məyus qayıdıb - 0:1.

Amma düşərgədə yaxşı əhval-ruhiyyə olduğunu dəqiq demək olar.

Dünən oyunöncəsi son məşqi izləmək, Renduliçin mətbuat konfransına qatılmaq üçün erkən yollandığım "Bank Respublika Arena"da gördüklərim belə düşünməyə əsas verir.

Sanki hər kəsdə irlandları məğlub edərək turu adlayacaqlarına dair bir əminlik vardı.

Ayaqüstü bir neçə legionerlə qısaca söhbətləşmək imkanı da tapdıq.

Məsələn, Boyan Letiç və Pavol Safranko bəndənizə hər şeyin yolunda olduğunu, meydana yalnız qələbə üçün çıxacaqlarını bildirdi.

Hətta ilk matçda qırmızı vərəqə alaraq komandasını çətin vəziyyətə salan İvan Lepiniçanın da üzü gülürdü.

Xorvatiyalı bəxtsiz ana görə pis olduğunu deməklə bərabər, komanda yoldaşlarına güvəndiyini də gizlətmədi.

İlk 15 dəqiqəsini izlədiyimiz məşq əsnasında da hər kəsin üzündə təbəssüm, xoş əhval ruhiyyə vardı.

Renduliçin mətbuat konfransında "Oyun penaltilər seriyasına kimi getməyəcək" - deməsi də məhz futbolçularda gördüyümüz əminliyin kuliminasiya nöqtəsi idi.

Belə məsul oyunlardan öncə psixoloji durumun yüksək olması vacibdir. O da hazırda "Sabah"lı futbolçularda ən üst səviyyədədir.

Ümid edək ki, 50 yaşlı çalışdırıcının dediyi kimi, bu gün oyun penaltilər seriyasına kimi getməyəcək.

Elə 90 dəqiqə yetərli olacaq ki, "Sabah" irlandlarla məsələni arzuladığımız formada çözə bilsin.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…