COP29

Gündəmdəki adam – Qurban Qurbanovla duelləri maraq doğuracaq

31 İyul 21:00 Sabah 1 759
Gündəmdəki adam – Qurban Qurbanovla duelləri maraq doğuracaq

“Sabah”da yenilənmə prosesi sürətlə davam etməsəydi, çox güman “Makkabi”nin qapısına vurduğu 3 topu öz qapısında görəcəkdi.

Baş məşqçi Krunoslav Renduliçin mətbuat konfransları zamanı özündənrazı görkəminin gördüyü işlə uzlaşıb-uzlaşmadığını məhz avrokubok mövsümü sübut edəcəkdi.

Rəhbərliyin onu Azərbaycana tək medal qazanmaq üçün yox, həm də ölkəmizi Avropada layiqli təmsil etmək üçün dəvət etdiyi sirr deyil.

Renduliç. komandasındakı artıq adları müəyyənləşdirmək üçün cəmi 4 ay kifayət etdi.

Yalnız adı qalan İşak Belfodili, futbolçu keyfiyyətləri böyük iş görməsinə mane olan Emmanuel Apehi, yaşı 35-ə çatan Kristian da Silvanı, legioner kimi ümidləri doğrultmayan Maruan Hadudini, ötən mövsümü zədə səbəbindən boşa verən Kristian Sebalyosu, ürəyi başqa yerdə olan Davit Volkovu, yararsız Jarl Marqaritanı sərəncamında görmək istəməyən 50 yaşlı mütəxəssis bu addımla “9-luğ”u dəqiq nişan aldı.

Əsas məsələ yaranan boşluqları doldurmaq idi ki, lotereyaya bənzəyən seleksiya çalışmasında üzüağ çıxmaq önəmli amil idi. Renduliç ad-sana yox, keyfiyyətə önəm verdiyini İvan Lepinitsanı seçməklə göstərdi.

Ardınca Neboş Kupusoviçin, sonra Pavol Şafrankonun, yekunda hamımızın yaxşı tanıdığı Coy-Lens Mikelsin keçidinə razılıq verməklə istədiyi kollektivi formalaşdırdı. 6 nəfəri göndərdi və cəmi 4 nəfər cəlb olundu.

“Makkabi” ilə oyundakı qələbədə “mühərrik” təsiri bağışlayan Lepinitsa, hava-su kimi vacib ilk qolu vuran Şafranko, sonuncu qolun ötürməsini verən Mikels komandaya yeni qoşulduqlarını qətiyyən hiss etdirmədilər.

Namiq Ələsgərovun parlaq görünməsini, Xəyal Əliyevin o cür ağır oyunda meydana buraxılmasını da baş məşqçinin bacarığının məhsulu saymaq olar.

“Sabah” böyük ölçüdə 3-cü mərhələnin qapısını aralayıb. Qalır cümə axşamı “Makkabi”yə növbəti şoku yaşatmaq. “Tələbələr” bunu bacarsalar, hətta pley-offa da yüksəlmək şansları olacaq.

Baş məşqçinin keyfiyyəti, üstəgəl, futbolçularda yaranacaq ruh yüksəkliyi bu komandanın Premyer Liqada çempionluq uğrunda mübarizəyə qoşulacağına şübhə yeri qoymur.

Qurban Qurbanov-Krunoslav Renduliç duellərini artıq indidən səbrsizliklə gözləyənlər var.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti