COP29

Renduliçdən gənclərin gələcəyini riskə atan ADDIM

4 İyul 17:00 Sabah 1 384
Renduliçdən gənclərin gələcəyini riskə atan ADDIM

"Sabah" yeni mövsümə hazırlığını Sloveniyada davam etdirir.

Ötən mövsüm icarə əsasında "Araz Naxçıvan"da çıxış etmiş Abdulla Rzayev, "Kəpəz" forması geyinmiş Şakir Seyidov və Camal Cəfərov da təlim-məşq toplanışına yollananlar arasındadır.

Hər üç futbolçunun da xidmətində ötənilki komandaları maraqlıdır.

Abdulla Rzayevi hətta digər bir neçə Premyer Liqa klubu da heyətinə qatmaq üçün "tələbələr"ə müraciət edib.

Amma eyni cavabı alıblar - Renduliç toplanış müddətində haqqında bəhs etdiyimiz futbolçuları yaxından izləyəcək və sonda komandada qalıb, yoxsa icarəyə verilmələri barədə qərar verəcək.

Bəli, futbolçular müqavilə ilə "Sabah"a məxsus olduğu üçün klubun addımı hüquqi cəhətdən qınana bilməz.

Amma yetirmələrinin gələcəyi baxımından təhlükəli addımdır.

Ümid edək ki, Abdulla, Şakir və Camal xorvatiyalı mütəxəssisin ümidlərini doğruldacaq.

Biz yeni mövsüm onları Masazır təmsilçisinin heyətində meydanda görəcəyik.

Bu, futbolumuz adına da xoş hal olar.

Lakin məsələnin narahatlıq yaradan tərəfi də yox deyil.

Tutaq ki, toplanışın sonu məlum oldu ki, oyunçuların performansı Renduliçi razı salmayıb.

Bəs onda necə olacaq?

"Sabah" üçün maraqlı olmayan adlar həmin dönəm digər klublar üçün də əhəmiyyətli olmaya bilər.

Axı bu gün "Sumqayıt", "Kəpəz", "Araz Naxçıvan", "Şamaxı", "Turan Tovuz" tərəfi "Sabah"ın baş məşqçisinin futbolçuları haqqında necə qərar verməsini gözləmir.

Həmin mövqelərə axtarışlar gedir. Hər an da yeni namizədlər tapıla bilər.

Qısası, sabah "Sabah"a lazım olmayacaq gənclər digər elçilər üçün də lazımsız ola bilər.

Belədə isə itirən həmin futbolçular olacaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti