COP29

Qalmaqalla Azərbaycanı tərk edən legionerin SƏSSİZ QAYIDIŞI

27 İyun 22:20 Sabah 4 430
Qalmaqalla Azərbaycanı tərk edən legionerin SƏSSİZ QAYIDIŞI

Bir illik fasilədən sonra Coy Lens Mikels "Sabah"a qayıtdı.

Səssiz-səmirsiz. Heç nə olmayıbmış kimi...

Halbuki ötən ilin bu günləri almaniyalı legioner böyük səs-küylə klubdan ayrılmışdı.

Ona görə yox ki, ərəblər Masazır klubuna 300 min dollar təzminat ödəməyə hazır idi.

Əsas hay-küy klubun onu buraxmaq istəməməsi, legionerin isə israrla ayrılmaq barədə düşünməsi idi.

O, hətta Konfrans Liqasının "Partizan"la vacib matçlarında belə komandasına kömək etmədən klubdan ayrılmaq həvəsinə düşmüşdü.

Yaxşı yadımdadır ki, klubun sabiq baş məşqçisi Murad Musayev serblərlə oyundan bir gün qabaq "Mikels mən yaxınlaşıb oynamaq istəmədiyini dedi" açıqlamasını vermişdi.

Vingerin klubdan rəsmi olaraq ayrılmasından sonrakı postu isə daha qalmaqallı olmuşdu.

O, öz sosial şəbəkə hesabındakı fikirləri ilə klubdakı bəzi şəxsləri nişan vermişdi:

"Komanda yoldaşlarım və sevimli “Sabah” ailəsi qarşısında vidalaşmaq istəyim rədd edildi. Bəzi insanlar mənə dedilər ki, iki il meydanda qan-tər axıtdıqdan sonra bu hərəkətim xoş qarşılanmadı. Həmin iki insana qarşı “döyüşmək” hədəfində deyiləm, siz buna layiq deyilsiniz.

Məni günahkar göstərmək, paltardəyişmə otaqlarından və dəhlizdən heç vaxt klubda olmamışam kimi şəkillərimi çıxarmaq böyük zəifliyin göstəricisidir. Medalın hər zaman iki üzü olur. Heç vaxt hekayəmi izah edə bilmədim, çünki bunu etmək şansım belə olmadı.

Ancaq sizə deyirəm: Sənə pislik edənə müqavimət göstərmə, kimsə sağ yanağına sillə vursa, o biri üzünü də çevir. Kimsə köynəyini almaq üçün səni məhkəməyə vermək istəyirsə, paltonu da ona ver. Mənə verdiyiniz şansa görə yenə də hər birinizə təşəkkür edirəm. Mən beləyəm, bu cür yetişdirildim".

Mesajdan açıq görünür ki, futbolçu klubda çalışan rəsmi şəxslərdən bəhs edir.

Arxada qalan bir ildə isə "Sabah"da rəsmi şəxslərindən klubu tərk edən kimsə olmayıb.

Deməli, Mikels zəif adlandırdığı həmin iki klub rəsmisi ilə birgə işləməli, tez-tez qarşılaşmalı olacaq.

Görəsən, "Sabah"dakı ilk dönəmində parlaq futbolla yadda qalan əcnəbi futbolçu ikinci dönəmində və belə şərtlər altında özünü yaxşı tərəfdən göstərə biləcəkmi?

Gözləyək...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 19:50 Çək və bizə göndər!
30 İyun 11:30 Sizə kifayət edəcək