Berezutskinin "Sabah"ı işıq saçmağa başladı, yoxsa..?

10 Fevral 16:40 Sabah 1 453
Berezutskinin "Sabah"ı işıq saçmağa başladı, yoxsa..?

XXII turun mərkəzi oyunu heç şübhəsiz, "Sabah" - "Turan Tovuz" oyunu idi.

Bu komandalar arasında çempionatda daha öncə keçirilmiş hər iki matç bərabərliklə nəticələnmişdi.

Kubokun 1/8 finalında da bu cütlük qarşılaşmış, Tovuzda keçirilən, əsas vaxtı 1:1, əlavə vaxtı da eyni hesabla (120 dəqiqənin tamamı 2:2 bitmişdi) başa çatmış qarşılaşmanın penaltilər seriyasında daha dəqiq oynamış Vasili Berezutskinin komandası 1/4 finala vəsiqə qazanmışdı.

Kubok matçı, həm də rusiyalı mütəxəssislər - Kurban Berdiyev və Vasili Berezutskinin ölkəmizdə ilk dueli idi. Tovuz və Masazır təmsilçisi avrokubok uğrunda əsas rəqiblər olduğundan, bu komandaların duelləri xüsusi maraq doğurur.

Xüsusilə, "Sabah" mövsümün əvvəlində avrokuboklara əsas iddialılardan hesab edilsə də, çempionatın ilk yarısında gözlənilən nəticələri sərgiləyə bilmədi.

Berezutskinin gəlişindən sonra kubokda mərhələ, "Səbail" və iddialı "Araz Naxçıvan" üzərində qələbələrlə, "Qarabağ"la heç-heçə ilə vəziyyəti nisbətən dəyişsə də qış fasiləsindən sonra komandanın işləri yenə qaydasında getməməyə başladı.

Ara-sıra Berezutskinin heyətdə tez-tez rotasiyalara yol verməsi, komandanın əsas üzvlərini bəzən ehtiyatda saxlaması ilə tənqidlərə də məruz qaldı.

Heyətdə olan dəyişiklikləri futbolçuların həftəlik tsikldə göstərdiyi performansla bağlı olduğunu nəzərə alıb, bu məsələdə məşqçinin qərarına güvənib, komandanın son oyunlarda sərgilədiyi oyuna və nəticələrə nəzər salaq.

Komanda qış fasiləsindən sonra keçirdiyi ilk rəsmi oyunda səfərdə "Neftçi" ilə heç-heçə etdi -1:1. Oyun bərabər mübarizə şəraitində keçdi və buna uyğun hesabla da başa çatdı.

"Sabah" fasilədən sonrakı qısa müddətdə 2 dəfə "Sumqayıt"la oynamağa fürsət tapdı. Biri Premyer Liqa, biri də ölkə kubokuna təsadüf edən hər iki oyun qolsuz bərabərliklə başa çatdı.

Lakin "Neftçi" ilə matçla bağlı dediklərimizi bu oyunlar üçün təkrarlaya bilməyəcəyik. Hər iki matçda "Sabah"ın rəqib üzərində əzici üstünlüyü olsa da bunu hesabda əks etdirə bilmədi.

Hətta bu komandalar arasında çempionat matçında "Sumqayıt" qapı istiqamətinə cəmi 1 (!) zərbə vurmuşdu ki, o da çərçivədən yan keçmişdi.

"Sabah"ın çempionatda "Kəpəz"lə oyunu da pis başlamamışdı, lakin Berezutskinin yetirmələri oyunda hesabı açsa da bunun davamını gətirə bilmədi, əvəzində ardıcıl səhvlərdən sonra qapısında qol gördü.

İqor Noqeyranın heç nədən penaltiyə səbəb olması və ikinci sarı vərəqədən sonra meydandan qovulması matçda həlledici an oldu. Nəticədə azlıqda qalmış "Sabah" oyunu məğlub başa vurdu.

Bu cəhətdən "Turan Tovuz"la son oyun "Sabah" və Berezutski üçün əsl imtahana çevrildi. Komanda son oyunlarda qeydə alınan nəticələrin əslində doğrudan bəxtsizliklə bağlı olduğunu sübut etməli idi.

Oyunun ilk hissəsi bərabər mübarizə şəraitində keçdi və tovuzlular vurduqları yeganə qolla fasiləyə minimal hesablı üstünlüklə yollandılar.

Fasilədə Neqoş Kupusoviçin əvəzinə Pavol Şafrankonu, Kahim Parrisin əvəzinə isə Cesse Sekidikaya şans verən Vasili Berezutski bunun müsbət təsirini gördü.

Xüsusilə Cesse həm penalti qazanmaqla, həm də qolla qələbənin əsas memarlarından oldu. Digər qola isə Sekidika ilə birlikdə fasilədən dərhal sonra meydana ayaq basan Şafranko penaltidən imza atdı.

Oyunun ümumi mənzərəsinə baxdıqda "Sabah" üçün müsbət işartıları görmək mümkündür. Berezutski oyuna müdaxiləsi ilə təcrübəli həmkarı Berdiyevə üstün gəlməyi bacardı.

Üstəlik, buna ikinci dəfə nail oldu (kubok oyununda da məhz Berezutskinin sonradan şans verdiyi futbolçu - Kupusoviç oyunda hesabı bərabərləşdirmiş və matçı penaltilər seriyasına daşımışdı).

Masazır təmsilçisi xüsusilə oyunun ikinci hissəsində matça diqtə edən tərəf idi. "Sabah"ın yeniləri - Stas Pokatilov və Umarali Raxmonaliyev bu oyunda müsbət təsir bağışladılar.

Stas qapısı qarşısında o qədər də çox təhlükə görməsə də, lazım olan anda təcrübəsini ortaya qoymağı bacardı ki, onun bu soyuqqanlılığı komandanın müdafiə xəttinə də müsbət təsir göstərdi.

Umarali isə meydanda çalışqanlığı ilə diqqət cəlb etdi və yaxşı səviyyədə keçirdiyi oyuna 1 məhsuldar ötürmə ilə rəng qatdı.

Bu qələbə "Sabah"a 4-cü pillədəki "Turan Tovuz"la xal fərqini 5-ə endirməyə imkan verdi. Bu 3 xal komandada özünəinam hissinin artmasına və gələcək qələbələrə töhfə verə bilər.

İndi qalır,komandanı bu müsbət tonusda saxlamaq və qarşıdakı oyunlara maksimum kökləmək.

Sonda onu da qeyd edək ki, bu oyunla bağlı hakimliklə bağlı müxtəlif fikirlər səsləndirilsə də, matç zamanı oyunun nəticəsinə təsir edəcək heç bir qərar olmadı.

Xüsusilə, "Sabah"ın qazandığı penalti və rəqibin sayılmayan qolunun video təkrarına baxdıqda, matçın hakimlər briqadasının doğru qərarlar verdiyini əminlikliklə deyə bilərik.

Bir sözlə, "Sabah" bu oyunda son matçlarda olmadığı qədər yaxşı oynadı və layiq olduğu təmiz qələbəni qazandı. Berezutski və komandası bunu qarşıdakı oyunlarda da təkrarlaya biləcəkmi?

Bunu zaman göstərəcək.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
10 Fevral 20:20 Razılaşdılar - VİDEO