“Ya federasiyamız ləğv olunmalı, ya da Region Liqasını biz təşkil etməliyik”.
Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında Azərbaycan Həvəskarlar Futbol Federasiyasının (AHFF) prezidenti Rüfət Əmirov deyib.
VI Hesabat-Seçki Konfransında növbəti dəfə federasiyanın prezidenti seçilən R.Əmirov Region Liqasına AFFA-nın təşkilatçılıq etməsindən narazıdır:
“2017-ci ildən federasiya olaraq problemlər yaşamağa başladıq. Dolayısı üzvü olduğumuz AFFA həvəskarlar arasında Region Liqası yaratdı.
Komandalara pul, toplar, forma veriləndə, əlbəttə ki, heç kim bizim çempionata gəlməz. Hazırda AFFA-nın başqa, bizim başqa çempionatımız var.
Düşünürəm ki, bu, anormal durumdur. Həmin vaxt AFFA-da çalışan Elxan Məmmədova dedim ki, belə olmaz. Azərbaycan Həvəskarlar Futbol Federasiyası varsa, çempionatı da o təşkil etməlidir”.
Federasiya prezidenti etirazını bildirmək üçün aprelin 2-də baş tutacaq AFFA-nın Növbəti Hesabat-Seçki Konfransını gözlədiyini bildirib:
“AFFA-da prezident seçkilərindən sonra bu məsələni rəhbərlik qarşısında qaldıracağam. Onsuz da, Region Liqasındakı komandalar vaxtilə çempionatımızda iştirak edirdilər. Bizim üçün həlli ən vacib problem budur”.
Rüfət Əmirov AHFF-nin son konfransında ötən 5 il ərzində görülən işlərin müzakirə olunduğunu sözlərinə əlavə edib:
“Bu müddət ərzində 2018/2019, 2021/2022 və 2022/2023 mövsümündə çempionat təşkil olundu. AFFA yalnız son mövsümdə bizə kömək göstərdi, qaliblərə pul mükafatı verdi.
Federasiyamız 1999-cu ildə yaradılıb. Bu il qurumun 25 illiyini qeyd edəcəyik".