"Düşünürəm ki, heyətin böyük qismini saxlasaq, II Liqada ilk 6-7 komanda arasında yer ala bilərik.
İlk mövsüm üçün hədəfimiz yüksək pillələrdən birini tutmaq olacaq".
Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında AFFA Region Liqasının son qalibi olan “Şimal” ın prezidenti Qılman İbrahimov deyib.
Q.İbrahimov növbəti mövsümdən çıxış edəcəkləri Azərbaycan II Liqasının səviyyəcə Region Liqasından ciddi şəkildə fərqlənmədiyini deyib:
“I və II Liqanı izləmişəm. Demək olmaz ki, II Liqa Region Liqasından bir neçə dəfə üstündür. Müəyyən klublar var ki, fərqlənirlər.
Məsələn, “Baku Sportinq”in II Liqa səviyyəsindən daha üstün olduğu görünürdü. 2-6-cı yerlərdəki komandaların isə demək olar səviyyələri bərabər idi.
Qalanları elə Region Liqasının öndə gedən klublarından heç də fərqlənmirdilər”.
Klub rəsmisini ən çox narahat edən məqamlardan biri II Liqa komandalarının stadionlarıdır:
"Bəzi klubların stadionları çox bərbad haldadır. Ev oyunlarımızı Siyəzəndə keçirirdik.
Qonaq komandaları qəbul edəndə xəcalət çəkirdim. Amma II Liqa komandalarının bəzilərinin meydanına baxanda, düşünürdüm ki, Siyəzəndəki stadion standartlara daha çox uyğundur.
İdeal futbol istəyən adam yaxşı şərait yaratmalıdır. Təəssüf ki, bu gün “Şəmkir”in, “Ağdaş”ın stadionları bərbad haldadır. Ümumiyyətlə, bu, Azərbaycan futbolunun yaralı yeridir”.
O, planlar haqqında da danışıb:
“Region Liqasında nəticə qazandıq. Böyük ölçüdə heyətimizi saxlayacağıq. 2012-ci ildən bəri Region Liqasında ilk haldır ki, bir klubun heyəti təmsil etdiyi regiondan olan futbolçulardan ibarətdir.
Yəni futbolçularımızın hamısı şimal bölgəsindədir. Onlardan 19 nəfəri Xaçmaz, üçü Quba, beşi isə Qusardandır.
II Liqa üçün maksimum 3, ya 4 futbolçu götürməyi nəzərdə tutmuşuq. Legioner almağı düşünmürük.
Premyer Liqa klublarının əvəzedicilərində çıxış edən futbolçularımız var. Qış fasiləsində futbolçularımızdan Tofiq Nəsibov “Turan Tovuz”a transfer olunmuşdu.
Bundan əlavə, “Səbail”də, “Sabah”da oyunçularımız var ki, komandaya qayıda bilərlər. Danışıqlar aparmışıq, cavab gözləyirik.
Bunun üçün həm də maliyyə imkanlarımızı nəzərdən keçirməliyik. Çempionluğa iddia etmək bir qədər təkəbbürlülük olardı. İlk “altılığ”a rahat düşə bilərik”.
“İndiyədək ev oyunlarımızı Siyəzəndə keçirmişik. Xaçmazdakı Olimpiya Kompleksinin stadionunun əsaslı təmirə ehtiyacı var.
Oranı ya biz, ya da aidiyyəti qurumlar təmir etdirməlidir. Xaçmazdakı stadionun meydanı təbii örtüklüdür.
Bilirsiniz ki, təbii qazonun qorunması çox baha başa gəlir. Bu da aşağı liqa komandalarının büdcəsinə uyğun deyil.
Ona görə də həmin meydanı süni örtüyə çevirmək istəyirik. Bununla bağlı proseslərə başlamışıq, müəyyən qurumlarla danışıqlar aparırıq.
Böyük ölçüdə yeni stadion axtarışına çıxacağıq. Azarkeş cəlb etmək üçün mümkün qədər ən yaxın bölgələrdə ev oyunlarını qəbul etmək lazımdır”, - deyə Q.İbrahimov vurğulayıb.
“Şimal” Region Liqasının finalında penaltilər seriyasında “Hypers”i məğlub edərək növbəti mövsümdən II Liqada mübarizə aparmaq hüququ qazanıb.