
Region Liqasında ilk mövsümünü keçirən "Qala" maliyyə çətinliyi ilə üzləşib.
Yeni yaradılan və Goranboyu təmsil edən klub bununla bağlı açıqlama yayıb.
Qərb zonasında yarışan debütant yerli rəsmi dairələrin onlara laqeyd münasibətindən şikayətlənib:
"Qala"FK 2023-cü ildə Goranboyda yerləşən "Qala" İdman Klubu və goranboylu futbolçu Ceyhun Əhmədov tərəfindən yaradılıb.
Ancaq yaradılandan bu yana kluba maddi dəstək yoxdur. "Qala" onu yaradanların maddi dəstəyi hesabına bugünə qədər saxlanılıb.
Digər region klublarına baxırsan, rayonun rəhbərliyi, deputatı və digər imkanlı şəxslər öz rayonlarının klubuna dəstək olur, ayaqda saxlayırlar.
Goranboy Rayon İcra Hakimiyyətiisə… Rayonun iki deputatı - Anar Məmmədov və Ağalar Vəliyev sizin seçicilərinizdir o uşaqların hər biri.
Rayonun idman idarəsi, niyə kluba sahib çıxmırsız? Sizin xəbəriniz olmadan, dəstəyiniz olmadan rayonda uşaqlar belə bir təşəbbüs yaradıblar.
Ona sahib çıxmaq lazımdır. Goranboyumuza sahib çıxmaq lazımdır.
Heç olmasa, bir dəfə olsun, bu rayona dəstək olun, sahib çıxın.
Biabırçılıq bilirsiz nədir?
Goranboyun futbol klubu ev oyunlarını Goranboy Olimpiya İdman Kompleksində keçirə bilmir. Çünki 250 manat ödəniş tələb olunur. Rəhbərlik bu məsələni danışıb həll edə bilmir?".
SPORTİNFO.AZ