COP29

Bu klub ağır zədələnən futbolçuya sahib çıxacaqmı?

26 İyun 22:40 Qəbələ 2 252
Bu klub ağır zədələnən futbolçuya sahib çıxacaqmı?

Başa çatan mövsümün sonuncu turu Murad Musayev üçün düşərli olmadı.

“Sumqayıt”la oyuna start heyətində meydana çıxan “Qəbələ”nin mərkəz müdafiəçisi matçın ilk dəqiqələrində ağır zədə alaraq əvəzləndi.

Tibbi müayinədən sonra Muradın təcili əməliyyata ehtiyac duyduğu aydınlaşdı ki, bu məqsədlə Türkiyəyə yollanıb cərrah masasına uzandı.

Musayevin məşqlərə başlaması ən yaxşı halda sentyabr-oktyabr aylarına təsadüf edəcək.

Bu isə o deməkdir ki, 30 yaşlı futbolçu indiki vəziyyətdə heç kimə lazım deyil. Yeni əməliyyat olunan və futbola dönüşü 4-5 ay vaxt alacaq futbolçuya kim pul xərcləyər?

“28 nömrə”nin yeganə çıxış yolu “Qəbələ”də qalmaq, zədəsini tam sağaldandan sonra yetişdiyi komandasına yardım edərək Premyer Liqaya dönüşündə səbəbkarlardan biri olmaqdır.

Belə olması üçün klub rəsmiləri və baş məşqçi Kaxaber Tsxadadze yeni anlaşma üçün “hə” deməlidir.

Futbolçu bostanda yer belləyərkən, yaxud divara dırmaşarkən yox, məhz komandanın uğur qazanması üçün mübarizə apararkən zədə alıbsa, ona sahiblənmək mütləqdir.

Lap klubla müqaviləsinin müddəti bitibsə belə, maaşının azaldılması bahasına olsa belə, dəstək göstərmək lazımdır.

Təbii, son qərarı “Qəbələ” rəhbərliyi verəcək. Vətən üçün döyüşərkən zədə alanlara dövlətimiz müxtəlif yollarla sahib çıxır. Yəqin ki, futbolda da belədir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?