
Kaxaber Tsxadadze karyerasının ən böyük uğurunu əldə etdi.
Gürcüstan millisini çalışdırmağı, “İnter”lə Azərbaycan çempionu olmağı, Qazaxıstan superkubokunu qazanmağı istənilən məşqçi bacarardı.
Ancaq rəhbərliyi altında I Liqaya yuvarlanan komandanı tək buraxmayıb, aşağı dəstədə işləməyə razılıq vermək...
Bunu da istənilən məşqçi bacarardımı?
Pro kateqoriyasına sahib olan azərbaycanlı məşqçilərin arasında soğru aparaq. Görək hansı biri qollarını çırmalayıb I Liqada komanda çalışdırmağa razı olar? Hansı biri elitadan düşən komandanı yenidən ora qaytarmağa söz verib, yerinə yetirər?
Kaxa futbolçu kimi Moskvada “Spartak”la “Dinamo”nun, Almaniyada “Ayntraxt”ın, İngiltərədə “Mançester Siti”nin formasını geyinib.
Məşqçi kimi Gürcüstanda, Azərbaycanda və Qazaxıstanda adlı-sanlı komandaları çalışdırıb, titullar qazanıb.
Belə bir adam üçün iş tapmaq müşkül idi məgər? Yayda “Qəbələ”dən ayrılsaydı, uzağı bir aya yeni iş yeri bilinəcəkdi. Həm də daha yaxşı şərtlərlə.
O, sədaqət göstərdi, futbolda mənəvi dəyərlərin ölmədiyini sübut etdi. Göstərdi ki, mənəviyyat olan yerdə bəzən pula, nüfuza, imicə arxa çevirmək olur. Göstərdiyin sədaqət sənə elə dəyər qazandırır ki, milyon dollarlar onun yanında heç nədir.
Keçmişində “Mançester Siti” adı olan biri I Liqada işləməyi özünə rəva bilməsi min çempionluğa dəyər.
Həyatının ən böyük uğurun mübarək, Kaxa.
HƏBİB / SPORTİNFO.AZ