
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu, “Qəbələ”nin himayədarı və fəxri prezidenti Tale Heydərov tərəfindən 2008-ci ildə Böyük Britaniyada təsis olunan “United Enterprises International Limited” adlı şirkət ləğv olunmaqdadır.
Sportinfo.az xəbər verir ki, bu barədə məlumat yeniavaz.com tərəfindən yayılıb və məsələ ilə bağlı sənədlər də təqdim edilib.
Şirkətin qeydiyyat ünvanı: “10 Lower Thames Street, London, EC3R 6AF”.
Qeyd olunur ki, bu ilin fevral ayında şirkətin ləğvi rəsmi olaraq elan edilib və hazırda rəsmi ləğvetmə prosesi davam edir.
Bu, Heydərovların Londonda bağlanan sonuncu şirkətidir. Bundan əvvəl də onların təsis etdiyi bir neçə kommersiya qurumu fərqli vaxtlarda fəaliyyətini dayandırıb.
Rəsmi sənədlərə əsasən, “United Enterprises International Limited”ə 2023-cü ilin noyabr ayından Emil Sultanov adlı Azərbaycan vətəndaşı rəhbərlik edir.
1985-ci il təvəllüdlü Emil Sultanov yalnız bu şirkətdə deyil, eyni zamanda Azərbaycanda Tale və Nicat Heydərova bağlı olan çoxsaylı şirkətlərin rəhbəri kimi qeyd olunur.
Hazırda “United Enterprises International Limited” şirkətinin ləğvi ilə bağlı hüquqi proseslər davam edir. Bu məsələ həm Azərbaycanda, həm də beynəlxalq iqtisadi dairələrdə diqqətlə izlənməkdədir.