“İnanılmaz dərəcədə xoşbəxtik” - Çempion baş məşqçi ən çox nəyə sevinir?

8 Aprel 20:40 Qəbələ 585
“İnanılmaz dərəcədə xoşbəxtik” - Çempion baş məşqçi ən çox nəyə sevinir?

“Qəbələ” bir illik fasilədən sonra Premyer Liqaya vəsiqəni təmin etdi.

Mövsümboyu I Liqada inamlı çıxışı ilə fərqlənən bölgə təmsilçisi finişə 7 tur qalmış elitaya yüksəlişi rəsmiləşdirdi.

Bu işdə alqışın böyük hissəsi Kaxaber Tsxadadzeyə düşür. Ad-san sahibi olmasına, “Mançester Siti”də oynamasına baxmayaraq, aşağı dəstədə çalışmağı özünə ayıb bilmədi və verdiyi sözə əməl edib komandanı Premyer Liqaya qaytardı.

Gürcü çalışdırıcı “Bakı Sportinq” üzərində 5:0 hesablı qələbədən sonra Sportinfo.az-a verdiyi açıqlamada sevincini bölüşüb:

“I Liqada işləməklə bağlı verdiyim qərar sıradan deyildi. Klub rəhbərliyi belə bir təklif irəli sürəndə köməkçilərim Georgi Çixradze və Miloş Yevtiçlə məsləhətləşdim.

Götür-qoy etdik, danışdıq və qərara gəldik ki, şəxsimizlə bağlı nüfuz, ad-san amilini kənara qoyub “Qəbələ”nin gələcəyini düşünək.

Bizi nələrin gözlədiyini çox yaxşı bilirdik və gümanımızda yanılmadıq. Bəlkə kənardan asan görünür, ancaq qətiyyən belə deyil.

Sıfırdan komanda yığmaq, müəyyən çərçivələr daxilində hərəkət etmək, əlimizdə olan materiallarla kifayətlənmək çox çətin idi. Seleksiya və komandanın yığılması məsələsində idman direktoru Səbuhi Səfiyarlının böyük əziyyəti oldu.

Çəkdiyimiz əziyyətin yerdə qalmamasına görə inanılmaz dərəcədə xoşbəxtik. Mənə ən çox xoş olan klub prezidenti Fariz Nəcəfova və azarkeşlərə verdiyimiz sözü tutmağımızdır.

Demişdim ki, “Qəbələ”ni Premyer Liqaya qaytaracağıq. Klub və komanda halında ailə atmosferi yaradıb hədəfə çatdıq.

“Qəbələ” Azərbaycan futbolu üçün böyük dəyərdir. İstər akademiya olsun, istər baza və meydançalar, istərsə də beynəlxalq arenalarda qazandığı nəticələrinə görə.

Bu ənənəni qorumağa çalışırıq və qoruyacağımıza inanıram. Allahın köməkliyi iıə “Qəbələ”ni əvvəlki yaxşı vaxtlarına qaytaracağıq”.

“Qırmızı-qaralar” 20 turdan sonra topladığı 52 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
12 Aprel 18:10 Çək və bizə göndər!
12 Aprel 08:50 O. bu liqaya göndərildi
12 Aprel 03:30 "Mən həyəcanlanıram"