
“Şahinin adına hamımız sevinirik. Xəbəri eşidən kimi onu təbrik etdim, uğurlar arzuladım”.
“Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze Sportinfo.az-a açıqlamasında Azərbaycan millisinə dəvət alan Şahin Şahniyarov barədə danışıb.
2005-ci ildən bu yana ilk dəfə I Liqada çıxış edən futbolçunun əsas milliyə dəvət alması futbol ictimaiyyətinin sevincinə səbəb oldu.
Gürcüstanlı çalışdırıcı Şahniyarovun bu yerə çatmasında özünün və komanda yoldaşlarının çəkdiyi əziyyətin rolunu qeyd edərək, yığmanın baş məşqçisi Fernandu Santuşa təşəkkür edib:
“Komandamızın üzvünün yığma komandaya dəvət alması bizim üçün fəxrdir. Bu, Şahinin timsalında digər gənclər üçün avantajdır.
Fernandu Santuş sübut etdi ki, Azərbaycan futbolunu tam şəkildə izləyir, təkcə Premyer Liqa ilə kifayətlənmir. Bunun özü də sevindirici məqamdır və ona təşəkkür düşür.
Futbolçunun zəhməti yerdə qalmır. Nə qədər çox işləsələr, tapşırıqları nə qədər düzgün yerinə yetirsələr, üzlərinə yeni qapılar açılacaq.
Bu, ilk növbədə Şahinin çəkdiyi əziyyətin bəhrəsidir. O, öz oyunu bunu haqq edirdi.
Ancaq heç bir halda dayanmaq olmaz. Əksinə, bundan sonra daha çox işləmək lazımdır.
Digər tərəfdən, bu, həm də Şahinin komanda yoldaşlarının əməyidir. “Qəbələ”nin hazırkı nəticələri olmasaydı, çətin əlinə bu cür şans düşərdi.
Fürsətdən istifadə edib, Şahinin inkişafında zəhməti keçən “Qəbələ” rəhbərliyini və akademiyada çalışanları təbrik edirəm”.
İşlədiyim bütün komandalarda gənc futbolçulara şans verməyə, onların inkişaf etməsinə çalışmışam. Bundan sonra da belə olacaq. Bu, mənim işimdir”.
HƏBİB