"Otselul"da baş məşqçi dəyişikliyi reallaşıb.
Sportinfo.az xəbər verir ki, 10 il əvvəl "Qəbələ"də çalışmış Dorinel Muntyanu istefaya göndərilib.
Qalati təmsilçisi artıq onun varisini də tapıblar. Klub rəsmi saytı vasitəsilə Ovidiu Burca ilə mövsümün sonuna qədər qüvvədə olacaq və 2027-ci ilin iyun ayına qədər uzadıla biləcək müqavilə imzaladıqlarını açıqlayıb.
Muntyanu sözügedən komandanı üçüncü diviziondan Superliqaya yüksəltsə də, ciddi maliyyə problemləri üzündən o, işinə davam etmək istəməyib.
Muntyanu yerli mətbuata açıqlamasında gedişinin səbəbini açıqlayıb: "Otselul"un pulu o qədər tükənib ki, komanda ölkə daxilində təlim-məşq toplanışında belə iştirak edə bilmir".
Ovidiu Burca "Otselul" üçün yad sima deyil. O, vaxtilə klubun idman direktoru vəzifəsində işləyib. Ovidiu on ildən sonra Qalati təmsilçisinə dönüb.
Dorinel Muntyanu 2014-cü ilin yayından dekabra kimi "Qəbələ"ni çalışdırıb. Komanda onun rəhbərliyi altında keçirdiyi 16 oyunda 4 qələbə qazanıb, 5 heç-heçə edib və 7 dəfə məğlub olub.