COP29

“Qəbələ”ylə bağlı ŞOK! - Xəsislik edən AFFA rəhbərliyi bilsin ki…

29 İyun 16:40 Qəbələ 1 657
“Qəbələ”ylə bağlı ŞOK! - Xəsislik edən AFFA rəhbərliyi bilsin ki…

Hər nə qədər qəribə səslənsə də, “Qəbələ” növbəti mövsümdə I Liqada mübarizə aparacaq.

Bölgə təmsilçisinin Premyer Liqaya qayıdıb-qayıtmayacağı başqa söhbətin mövzusudur.

Zamanın öhdəsinə buraxaq. İndiki məqamda sual doğuran məqamlardan biri klub rəhbərliyinin 6 təbii örtüklü meydançanı və akademiyanı necə saxlayacağıdır.

Düzdür, AFFA məlum xərclərin qarşılanması üçün 700 min manat ayırıb. Məbləğ həm meydançaları, həm də akademiyanı qorumaq üçün nəzərdə tutulub.

Bəs bu vəsait xərclərin qarşılanmasına kifayət edəcəkmi?

Qazonlara qulluqdan başlayaq. Qısa araşdırmalar nəticəsində məlum olur ki, “AgroSport” adlı şirkət paytaxtdakı təbii örtüklü meydanlara qulluq üçün (Zirə Olimpiya Kompleksi, “Liv Bona Dea Arena”, Bakı Olimpiya Stadionu) hər ay 10 min manat tələb edir.

Deyək ki, “Qəbələ”nin ot mütəxəssisləri var və qənaət rejimində işləməyə məcbur qalacaqlar.

Bu mənada bir meydanın aylıq xərcini 10 min yox, 7 min manat hesablayaq. 6 meydana ümumilikdə 42 min manat tələb olunur. İllik hesabatda ümumi məbləğ 504 min manat edir.

Üstəlik, qış aylarında əsas meydanın altında sutkaboyu isitmə sistemi çalışır ki, bunun üçün 3-4 min manat qazpulu tələb olunur. Lap 3 min manatdan hesablasaq, 6 aylıq qış periodu üçün 18 min manat gedir.

Akademiyaya gəlincə, ötən mövsüm “Qəbələ”nin aşağı yaş qruplarında 65 yatılı futbolçu olub. Yəni bu sayda gənc və yeniyetmə klubun hesabına oteldə qalıb və qidalanıb.

Məskunlaşmanı kənara qoyub qidalanmaya diqqət yetirsək, bir nəfərin bir dəfəlik yemək xərci azı 6 manat təşkil edir.

Bir nəfər üçün gündə 3 dəfə qidalanma 18 manatdır. 65 nəfərin bir günlük yemək xərci 1170, bir aylıq xərci (istirahət günləri nəzərə alınmadan) 29250 manat edir. Bu, 10 ay üçün təxminən 300 min manat deməkdir.

Ötən mövsüm akademiyada 20 məşqçi çalışıb. Təbii ki, məvaciblər təcrübəyə və vəzifəyə görə dəyişir.

Hər məşqçiyə ortalama 800 manat maaş hesablasaq, bu, bir ay üçün 16 min, illik 192 min manat edir.

Aşağı yaş qruplarından ibarət komandaların səfər xərcləri, akademiyanın binası və üzvləri üçün sürücülər, mühafizəçilər, xadimələr, aşpazların minimum maaşlarını aylıq 15-20 min manat hesablayanda, illik 200 min manat xərclənir

Təbii ki, bilmədiyimiz başqa xərclər də var. Biz gözlə görünə biləcək məsrəfləri vur-çıx etdik və ortaya çıxan illik rəqəm 1,2 milyon manat civarında oldu.

Bu günə qədər “Neftçi” üçün təlim-məşq bazasının meydançalarını inşa etdirən, “Sumqayıt” üçün “Kapital Bank Arena”nı tikdirən, “Kəpəz”in Futbol Akademiyası üçün 9, Tovuzdakı akademiya üçün 4 milyon manat xərcləyən, “ASCO Arena” nı “Səbail”in ixtiyarına verib sonradan baza şəraiti yaradan AFFA-nın “Qəbələ”yə bu cür “səxavət” göstərməsi kluba kömək etmək yox, başından rədd etmək təsiri bağışlayır.

Milyonları sağa-sola xərcləyən assosiasiya Fernandu Santuş kimi dünya səviyyəli məşqçini Azərbaycana gəlməyə razı salıb, əvəzində illərdir ölkə futboluna saysız futbolçular bəxş edən klubun çətin günündə sinəsini irəli verib lazımınca kömək edə bilmirsə və ya etmək istəmirsə, deməli, ayrılan 700 min manat futbolun inkişafını düşünərək əl tutmaq istəyi yox, görünüş yaratmaq həvəsidir.

AFFA nəzərdə tutulan vəsaiti artırmasa, ya “Qəbələ”nin akademiyası məhvə sövq olacaq, ya da meydanlar qara günə düşəcəklər.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?