COP29

“Real”dan Juninyoya kimi...

1 Avqust 11:00 Qarabağ 6 442
“Real”dan Juninyoya kimi...

Mövsümə necə başlamaq çox önəməlidir.

«Qarabağ» keçən il bu vaxt Çempionlar Liqası ilə vidalaşmışdı.

«Linkoln»la «bismillah» eləyib, «Rakuv»la ikinci mərhələyə vidalaşmışdı.

«Real»ın çempionluğu ilə reytinqdə dəyişikliyə gedən UEFA-nın «Qarabağ»ı birinci etapdan azad etməsi Qurban Qurbanovun ürəyincə oldu.

Yenə «Linkoln», yenə qələbə və budur, üçüncü mərhələnin qapısı artıq açıqdır.

«Linkoln» ölçü deyil. Nə ötən il, nə də indi. Ölçü «Qarabağ»ın oyunu, özünü necə göstərməsidir.

Məni ən çox maraqlandıran Juninyonun konsentrasiya olub-olmaması idi. Gördüm, adam adam kimi futbolunu oynayır yenə.

Və hətta üstünə qoya-qoya gedir. Yayın əvvəlində «Beşiktaş»dan, «Braqa»dan, PAOK-dan tutmuş, nə bilim, oradan-buradan «n» qədər təklif almış hücumçunun yağlı dəvətləri ağlının bir küncündən silib atması görünür artıq.

Fikri oralarda qalsaydı, yəqin bilirəm ki, yeni avrokuboklar mövsümünə ildırım sürəti ilə başlamaz, qollarını sıralamazdı.

Hər halda müqaviləsinin davam etməsi üzündən burada qalmasına peşman olsaydı, həvəssiz təsir bağışlayar, meydanda ayaq sürüyərdi.

Oysa əlinə düşən hər fürsəti qola çevirmək üçün dəridən-qabıqdan çıxır, imkanı boşa verəndə isə dərindən dilxor.

Bu halı mən tək Juninyoda müşahidə etmirəm. Benzia, Yankoviç, Zubir və digərlərində də eyni istəyi, əzmi görürəm.

Klub rəhbərliyinə və şəxsən Qurban Qurbanova afərin! Futbolda ən çətin işlərdən biri olan psixoloji hazırlıq mərhələsinin öhdəsindən əla gəliblər.

Aparıcı futbolçuların hamısı yenə buradadır və deməli, hər şey irəlidədir.

Rəqiblərin «çəki»si artdıqca, «Qarabağ» da sürət yığacaq, öz qrafiki ilə ideal formasının pikinə çatmağa çalışacaq. Bu da özlüyündə mənə nələrsə vəd edir.

Məsələn, Çempionlar Liqasında ikinci dəfə qrup mərhələsinə vəsiqənin qazanılması kimi. Və bəlkə də daha artığını.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti