!["Qarabağ"la yarım il danışıqlar apardıq, bizdən 5 milyon avro tələb etdilər”](https://www.sportinfo.az/media/2025/02/07/211131_ggjavo71s5.png)
"Ferensvaroş"un idman direktoru Tamaş Xaynal "Qarabağ"dan Julip Romaonu transfer etmələri və komandanı tərk edən Kadi Borgesin narazılıqlarına münasibət bildirib.
İki gün əvvəl "Qarabağ"la 4 illik müqavilə imzalayan Kadi bu transferlə bağlı klublararası danışıqlardan son anda xəbər tutduğunu, özünün "Ferensvaroş"u tərk etmək istəmədiyini deyib.
Sportinfo.az xəbər verir ki, Tamaş Xaynal Macarıstanın 24.hu saytına açıqlamasında Kadinin Julio Romao ilə dəyişdirilməsi barədə danışarkən deyib:
"Bu sövdələşmə tərəflər üçün faydalı oldu. 6 nömrəli futbolçunun transferi qış pəncərəsində bizim üçün prioritet idi.
Maiqinin Avroliqada "Viktoriya" ilə matç ərəfəsində zədələnməsindən sonra isə bu mövqeyə oyunçu almaq istəyimiz daha da artdı.
Biz Julio Romaonun transferi üçün yarım il "Qarabağ"la danışıqlar apardıq. Onlar bizdən 5 milyon avro tələb edirdilər.
Bu isə bizim üçün böyük məbləğ idi. Amma biz daim o futbolçunun oyununu izləyir və hər transfer pəncərəsində təklifimizi irəli sürürdük".
Kadinin narazıqları haqda danışan klub rəsmisi bildirib ki, ötən şənbə günü iki klub arasında daha bir söhbət zamanı futbolçuların dəyişdirilməsi variantı yaranıb:
"Mən dərhal Kadini axtardım. "Qarabağ"la Kadi arasında danışıqların başlamasına razılıq verdik.
Cəmi iki saat ərzində bizə məlumat verildi ki ("Qarabağ" tərəfdəb - red.), razılığa gəlinib.
Guya komandadan məcburiyyətlə göndərilən oyunçu heç bir halda klubunu dəyişməklə bağlı 2 saata razılıq verməzdi".
O deyib ki "Qarabağ"ın Kadinin transferində motivasiyası futbolçunu yaxşı tanıması ilə bağlı olub:
"Kadi "Qarabağ"da əvvəl oynamışdı. Klub onun oyununu bəyənirdi. Bu səbəbdən ona bir növ itirilmiş oğlanları kimi baxırdı.
Hazırkı vəziyyətdə futbolçuların dəyişdirilməsi hər iki tərəf üçün faydalı həll yolu oldu. Bizim baxışımızdan vacib odur ki, Julionun 26 yaşı var".