COP29

“Qarabağ”, Bakı deklarasiyası və iqlim alyansı - Yeni qurum nə vəd edir?

19 Noyabr 10:40 Qarabağ 666
“Qarabağ”, Bakı deklarasiyası və iqlim alyansı - Yeni qurum nə vəd edir?

Futbolun gücü ortadadır, müqayisəolunmazdır, mübahisəsiz qəbulolunandır.

Bakıda keçirilən COP29 çərçivəsində təsis edilən qlobal futbol alyansı göstərdi ki, futbol həm də planetimizin qorunmasında mühüm bir vasitəyə çevrilə bilər.

"Qarabağ" FK-nın təşəbbüsü, COP29 Sədrliyi və Birləşmiş Millətlər Təşkilatının dəstəyi ilə yaradılan bu alyans, BMT-nin iqlim dəyişikliyi ilə mübarizə məqsədilə 2018-ci ildə təsis etdiyi İdmanla İqlim Fəaliyyəti Çərçivəsinə (Sports for Climate Action) uyğun olaraq hazırlanmış bir platformadır.

Bu çərçivə futbol klubları üçün yalnız iqlim məsələlərində iştirak etmək deyil, həm də konkret öhdəliklər götürmək deməkdir.

BMT-nin 2018-ci ildə təsis etdiyi İdmanla İqlim Fəaliyyəti Çərçivəsi, klubların iqlim dəyişikliyi ilə mübarizədə konkret hədəflər müəyyən etməsini tələb edir.

Bu hədəflərdən biri 2030-cu ilədək karbon emissiyalarını 50%-ə qədər azaltmaq, 2040-cı ilədək isə sıfır emissiyaya nail olmaqdır. Bu təşəbbüs, böyük və kiçik klubların ətraf mühitə təsirini azaltmaq üçün bir yol xəritəsi təqdim edir.

Bununla belə, kiçik və orta büdcəli klubların bu hədəflərə çatması asan deyil. Texnologiyanın və maddi resursların çatışmazlığı bu prosesi çətinləşdirir.

Amma böyük klubların öz təcrübələrini paylaşdığı bu alyans, kiçik klublar üçün yeni imkanlar yaradır. Bu, yalnız resurs mübadiləsi deyil, həm də dayanıqlı inkişaf üçün kollektiv bir addımdır.

Bakı Deklarasiyasının imzalanması ilə alyans, iqlim dəyişikliyi ilə mübarizədə klubların üzərinə götürdüyü öhdəlikləri daha aydın şəkildə göstərdi.

Bakı Deklarasiyası praktiki addımların atılmasını tələb edən bir çərçivədir.

Klublar yalnız karbon emissiyalarını azaltmaqla kifayətlənməyəcək, həm də illik hesabatlar təqdim edərək bu öhdəliklərin necə yerinə yetirildiyini nümayiş etdirəcəklər.

Bu öhdəliklər azarkeşləri də daha məlumatlı və məsuliyyətli etməyi hədəfləyir. Stadionlarda tullantıların azaldılması, ekoloji nəqliyyat vasitələrindən istifadənin təşviqi və maarifləndirici kampaniyalar bu prosesin ayrılmaz hissəsidir.

Bu tədbirlər futbol azarkeşləri arasında ekoloji şüurun formalaşdırılmasına böyük təsir göstərəcək.

Futbol klublarının ətraf mühitə təsiri böyükdür. Stadionların enerji istifadəsindən tutmuş, səfərlərdə istifadə olunan nəqliyyat vasitələrinə qədər hər bir addım ekoloji təsirə malikdir.

Deklarasiyaya əsasən klublar bu təsiri azaltmaq üçün yeni texnologiyalar tətbiq etməyi, enerji effektivliyini artırmağı və təkrar emal proseslərini genişləndirməyi hədəfləyirlər.

Amma ən vacib addımlardan biri azarkeşlərin maarifləndirilməsidir. Futbolçuların və klubların azarkeşlər üzərində böyük nüfuzu var.

Bu nüfuzdan istifadə edərək, azarkeşlərin ekoloji mövzularda məlumatlılığını artırmaq və onları ətraf mühitin qorunmasına yönləndirmək ən ümdə məsələlərdəndir.

Bakı Deklarasiyası, yalnız klublar üçün deyil, həm də qlobal dayanıqlılıq hərəkatı üçün mühüm bir addımdır.

Bu deklarasiya, 2030-cu ilə qədər karbon emissiyalarını azaltmaq və 2040-cı ildə sıfır emissiyaya nail olmaq məqsədini konkretləşdirir.

Bundan əlavə, klublar arasında resurs və təcrübə mübadiləsi həyata keçirmək üçün bir platforma yaradır.

Bu deklarasiyanın əsasında, Avropa Klublar Birliyi tərkibində idarəetmə komitəsi yaradılacaq. Komitə, deklarasiyanın yalnız kağız üzərində qalmasının qarşısını alacaq, praktiki addımlara çevrilməsini təmin edəcək.

Hər bir klub öz azarkeşləri ilə birgə dayanıqlı layihələr həyata keçirəcək və illik hesabatlarla öz fəaliyyət və inkişafını göstərəcək.

Sözsüz ki, alyansın tərkibi 11 klubla məhdudlaşmayacaq. 700-dən artıq klubun yer aldığı Avropa Klublar Assosiasiyasının yeni yaradılan qurumu dəstəkləməsi, alyansın üzvlərinin yaxın gələcəkdə sürətlə artmasını, coğrafiyasının genişlənməsini şərtləndirir.

Bakı Deklarasiyasının təsis edilməsi, dayanıqlılıq sahəsində yeni bir dövrün başlanğıcıdır. Bu təşəbbüs, yalnız Azərbaycan üçün deyil, bütün dünya üçün bir model olacaq. "

Qarabağ"ın bu liderlik rolu göstərir ki, futbol yalnız qələbə və məğlubiyyətlərlə ölçülmür; bu, cəmiyyətin və planetin gələcəyi üçün də əhəmiyyətlidir.

Futbol yaşıl meydanlardan, stadion hüdudlarından çıxaraq, dünyanın ən mühüm problemlərinə işıq tutmağı bacarır.

Bu yeni hərəkatın mərkəzində Azərbaycanın – “Qarabağ”ın olması isə qürurvericidir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 17:30 Çək və bizə göndər!