
“Qarabağ”ın zədəli futobolçusu Kadi Borgesin durumu bəlli olub.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
O, Premyer Liqanın 29-cu turunda “Zirə” ilə oyunda topuğundan zədələnərək əvəzlənən braziliyalı yarımmüdafiəçinin sabahdan komanda ilə məşqlərə başlayacağını deyib:
“İki günlük müalicədən sonra Kadidə bir problem qalmadı. Müayinələr onu göstərir ki, indiki durum üçün vəziyyəti normaldır. Sabah komanda ilə birlikdə məşqə çıxacaq”.
Klub rəsmisi zədəli qapıçı Şahruddin Məhəmmədəliyevdən başqa bütün futbolçuların növbəti oyuna hazır olduğunu da bildirib.
“Qarabağ” Premyer Liqanın 30-cu turunda “Səbail”in qonağı olacaq. Aprelin 11-də keçiriləcək görüş saat 19:00-da başlayacaq.