
Azərbaycan kubokunun final qarşılaşması mayın 31-də baş tutacaq.
Premyer Liqanın 36-cı turunun oyunları üçün 23-25 may tarixləri arasında keçiriləcək.
Bu, o deməkdir ki, “Qarabağ”la “”Sabah”ın futbolçuları, xüsusən də legionerləri final üçün əlavə bir həftə gözləməli olacaqlar.
Halbuki aparıcı futbol ölkələrində kubokun həlledici qarşılaşması üçün mayın son, yaxud iyunun ilk gününü gözləmək lazım gəlmir. Mövsümü daha erkən başa vururlar ki, futbolçular istirahət üçün yetərincə zaman qazansın.
“Qarabağ”ın viogeri Kadi Borgesi də narazı salan məqam budur.
Braziliyalı Sportinfo.az-a açıqlamasında final matçının mayın 31-də keçirilməsinə bu cür reaksiya verib:
“Şəxsi fikrimi bilmək istəyirsinizsə, bir oyuna görə niyə bu qədər gözləməliyik? Finala görə Bakıda bu qədər qalmağımızı başa düşə bilmirəm. Bu, şəxsi mövqeyimdir.
Təəssük ki, bizdən asılı olan məsələ deyil. Təşkilatçılar bu cür qənaətə gəlibsə, nə edə bilərik?
Futbolçular üçün həqiqətən çətindir. Ağır mövsüm başa çatır, yorğunuq, dincəlmək istəyirik
. İstirahət üçün cəmi 20 gün vaxtımız olacaq. Qayıdan kimi ağır məşqlər və çətin mövsüm başlayacaq.
Fikrimcə, finalı bir neçə gün əvvələ salmaq olardı. İstənilən halda, oyuna hazırlaşıb, titul uğrunda mübarizə aparacağıq”.
Azərbaycan kubokunun “Qarabağ”la “Sabah” arasındakı final qarşılaşması mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
HƏBİB