“Qurban Qurbanov müəyyənləşdirib ki, hansı futbolçularla yollarımızı ayırmalıyıq”

20:20 Qarabağ 262
“Qurban Qurbanov müəyyənləşdirib ki, hansı futbolçularla yollarımızı ayırmalıyıq”

Sportinfo.az “Qarabağ”ın direktoru Emrah Çelikelin qol.az-a müsahibəsini təqdim edir:

- 12-ci çempionluq münasibətilə sizi təbrik edirik. Təəssüratlarınız necədir?

- Təşəkkür edirəm. Həmişə demişik ki, çempionluq sevinci gözəldir. Amma bununla bərabər, böyük bir məsuliyyətdir. Biz daha çox işin məsuliyyət tərəfini düşünürük. İnşallah, bizə inananları bu il daha böyük zəfərlərlə sevindirərik. Ümidimiz və hədəfimiz budur.

- Yəqin avrokubokları nəzərdə tutursunuz.

- Bəli, istəyimiz odur ki, Çempionlar Liqasında yaxşı nəticələr qazanaq.

- Yaxşı nəticə hansı olardı? Yəni nəyi hədəfləyirsiniz?

- İndi avrokuboklar yeni sistemlə keçirilir. Əvvəllər hardasa təxmin etmək olurdu ki, hansı rəqiblə düşmək olar. Buna uyğun da hazırlıqlar gedirdi. Amma indi fərqlidir. Püşkün də nəticəsindən çox şey asılıdır. Bir az bəxtin də gətirməlidir. Amma onu bilirəm ki, biz əlimizdən gələni edəcəyik ki, ən yaxşı nəticəni qazancaq.

- “Qarabağ” avrokubokların yeni formatında artıq bir dəfə çıxış edib. Bu təcrübə və komandanın uğursuz çıxışı yeni mövsüm üçün yaxşı mənada təsirini göstərə bilər?

- Əlbəttə ki, biz artıq həmin təcrübəni keçmişik. Amma özünüz də görürsünüz ki, püşkatma kompüter vasitəsilə olur. Bizim təcrübəmiz sadəcə meydanda olandır. Göründüyü kimi, ötən mövsüm rəqibimiz olan 8 komandadan 6-sı ən yuxarı pillələrə qədər irəlilədi. Hansı ki, Avropa Liqasının yarımfinalına vəsiqə qazanan “Bodo/Qlimt”i öz meydanında udmuşduq. Rəqib komandaların güclərinə, göstədikləri nəticələrə baxanda ötən mövsüm avrokuboklardakı çıxışımızı zəif saymıram. Bəli, böyük təcrübə idi, bundan faydalandıq.

- Müqaviləsi başa çatan futbolçularla ilkin danışıqlar başlayıb?

- Xeyr. Bizim kubokda final oyunumuz var. Bu oyundan sonra danışıqlar başlayacaq, özümüz üçün planları müəyyənləşdirəcəyik. Birinci mövsümü tam başa vurmalıyıq ki, gələn ilin hazırlığına başlayaq.

- Komandadan göndəriləcək futbolçularla bağlı klub rəhbərliyinə məlumat verilib?

- Yəqin ki, Qurban müəllim özü üçün müəyyənləşdirib ki, hansı futbolçuları komandada görmək istəyir, hansılarla yollarımızı ayırmalıyıq. Müqaviləsi başa çatan futbolçuların da öz planları ola bilər. Getmək istəyini də ola bilər, qalmaq fikrində olanı da. Bunları oturub danışmamış müzakirə etməyimiz düzgün olmaz.

- Qurban Qurbanov ötən gün mətbuat konfransında bildirdi ki, həmişə komandasında 24-25 futbolçu olsa da, indi bu say 20-dir. Yayda transferlərin əvvəlki illərlə müqayisədə daha çox olacağını gözləmək olar?

- Bizim bu məsələdə bir açarımız var – Qurban Qurbanov. O, necə istəsə, biz həmin plana uyğun hərəkət edirik. Hazırkı 20 futbolçudan da kimlərsə gedə və yerinə başqaları gələ bilər. Kubok oyunundan sonra biz qərarlarımızı verəcəyik. Qurban müəllim komandada hansı dəyişikliyi istəsə, ona uyğun işlər görüləcək. Təbii ki, biz də istəyirik ki, heyət daha geniş olsun.

- Yassin Benzia və Abdullah Zubirin yayda “Qarabağ”I tərk etmək istədiyi ilə bağlı xəbərlər yayılır.

- Bizdə belə bir söhbət yoxdur. Zubirin müqaviləsi var. Benzia peşəkar futbolçudur. Baxmayaraq ki, onun müqaviləsi başa çatır. Amma bizim danışıqlar üçün vaxtımız var. Həm klubun, həm də futbolçunun mövqeyi onun qalıb-qalmamasına birbaşa təsir edəcək. Bu gün işinin başındadır, “Qarabağ” üçün mübarizə aparır. Belə söhbətlərin futbolçuya yaxşı təsir etməyəcəyini düşünürəm.

Digər Xəbərlər
Xəbər Lenti