
Qurban Qurbanov baş məşqçi kimi 11-ci dəfə Azərbaycan çempionu tituluna yiyələnib. Bütün bu titulları “Qarabağ”ın “sükanı arxası”nda qazanan 53 yaşlı mütəxəssis özünün sahib olduğu rekordu yeniləyib.
Sportinfo.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Qurbanov bu çempionluqları son 12 ildə qazanıb. 11-ci titul Misli Premyer Liqasının XXXII turunda təmin olunub.
Qurbanov bunadək 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2018/19, 2019/20, 2021/22, 2022/23 və 2023/24 mövsümlərində də “Qarabağ”ın çempionluğunun memarı kimi tarixə düşüb.
Ümumiyyətlə, 11 baş məşqçi Azərbaycan çempionatının qızıl medalını qazanıb. Ağasəlim Mircavadovun 5 çempionluğu var: 1993, 1999/2000, 2000/01, 2004/05, 2006/07.
Kazbek Tuayev (1993/94, 1995/96, 1996/97, 2003/04) dörd, Mehman Allahverdiyev (1994/95, 1997/98, 1998/99) və Böyükağa Hacıyev (2005/06, 2011/12, 2012/13) hərəyə üç dəfə çempionluq sevinci yaşayıb.
Əhməd Ələsgərov 1992, Valentin Xodukin 2007/08, Qyoko Hacıyevski 2008/09, Kaxaber Sxadadze 2009/10, Arif Əsədov 2010/11 və Samir Abasov 2020/21 mövsümündə yeganə çempionluğunu qeyd edib.