
“Ən vacib oyunlarımızdan biri olacaq. Çox ciddi hazırlaşmalıyıq, diqqətli olmalıyıq”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın futbolçusu Kadi Borges deyib.
Masazırdakı stadionda gerçəkləşəcək duel ağdamlılar üçün xüsusi əhəmiyyət kəsb edir. İş burasındadır ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv meydanı xalla tərk edəcəyi halda növbəti çempionluğunu rəsmiləşdirəcək.
“Qarabağ” azarkeşlərinin sevimlisi meydana hər bir halda qalibiyyət üçün çıxacaqlarını bildirib:
“Hər bir futbolçu çempion olmağı arzulayır. Bu, nə qədər tez baş versə, bir o qədər yaxşıdır. Erkən çempionluğun nəyi pisdir ki?
Oyuna ciddi hazırlaşıb, baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirəcəyik. “Neftçi”ylə “Araz-Naxçıvan” üzərində böyük hesablı qələbələr bizi arxayınlaşdıra bilməz. Əksinə, növbəti qələbə üçün motivasiyamızı artıracaq.
Bilirəm, hətta bərabərə qalsaq belə, bu, çempionluğun rəsmiləşməsinə bəs edəcək. Ancaq məqsədimiz hər oyunda olduğu kimi qələbə qazanmaqdır”.
Bu axşam “Bank Respublika Arena”da baş tutacaq oyunun start fiti saat 20:00-da çalınacaq.
HƏBİB