
32-ci turun ən gərgin və maraqlı qarşılaşması bu axşam baş tutacaq.
Avrokubok ümidini ölkə kubokuna bağlayan “Sabah” öz meydanında, doğma azarkeşlərinin qarşısında “Qarabağ”ı qəbul edəcək.
Masazır təmsilçisinin Avropa arzusu Premyer Liqa yolu ilə bağlandığından, bəlkə də matçın xüsusi əhəmiyyət daşımadığını düşünənlər var. Lakin belə deyil.
Əvvəla ona görə ki, bu komandalar Azərbaycan kubokunun final qarşılaşmasında üz-üzə gələcəklər. Deməli, mayın 31-dən bir ay əvvəl gerçəkləşəcək duel ağır məşq xarakteri daşıyacaq.
Sözsüz, baş məşqçilər final öncəsi bütün kartları açıb ortaya qoymayacaq. Üstəlik, hər ikisi həftəiçi kubokun yarımfinalında oynayıb. Həssas məqam odur ki, “Sabah” əsas rəqibinə heç bir halda uduzmaq istəmir.
“Qarabağ” isə nəyin bahasına olur olsun bu oyundan xalla ayrılmalıdır. Qələbə olsa əla, alınmasa, heç-heçə də pis nəticə sayılmayacaq.
“Köhlən atlar” hətta 1 xal qazanacağı halda belə, çempionluğu rəsmiləşdirəcək. Həm də harda? Kubokun finalındakı rəqibinin meydanında – “Bank Respublika Arena”da.
Və məsələnin ən ciddi tərəfi olan baş məşqçilərin duelidir. Azərbaycandakı fəaliyyəti dövründə bir sıra rəqiblərinə uduzduğuna görə qınanan Vasili Berezutskinin Qurban Qurbanovla qarşılaşmalardan məğlub ayrılmamasıdır.
Komandaların birinci dövrədəki oyununda “Qarabağ” 3:2 hesabı ilə qələbə qazananda, “tələbələr”i Krunoslav Renduliç çalışdırırdı. Lakin son iki görüşün hər ikisində komandaya Berezutski rəhbərlik edib ki, hər iki qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Görək, Rusiya millisinin sabiq kapitanının komandasının “Qarabağ” üzərində qaznacağı qələbə ilə ağdamlıların erkən çempionluq sevincini ürəyində qoya biləcək, yoxsa yox.
Oyunun start fiti saat 20:00-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ