
Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Qarabağ" və "Araz-Naxçıvan" arasındakı cavab görüşündə Rəvan Həmzəzadənin verdiyi bir çox qərarlar ciddi müzakirələrə yol açdı.
Referinin xüsusilə qonaqların əleyhinə verdiyi qərarlar haqlı narazılıqla qarşılandı.
Təəssüf ki, bir çoxu məsələni "Qarabağ" tərəfə çəkməyə çalışır.
Təbii ki, "Qarabağ" bu gün ölkədə bütün rəqiblərindən ən azı 1 baş üstündür. Bir çox hallarda hətta 10 nəfərlə qalsa belə qələbə qazanacaq gücdədir. Yəni "Qarabağ"ın ölkədə hakim köməyinə ehtiyacı yoxdur.
Amma bu əsas vermir axı hakimin yarıtmaz idarəetməsinə susaq.
Rəvanın qərarları oyuna kölgə saldı. Təkcə oyuna yox, həm də "Qarabağ"ın qələbəsinə kölgə saldı. Elə birinci "Qarabağ" azarkeşləri bundan narazı, narahat olmaldı. Bəlkə, "Qarabağ"ı gözdən salmaq üçün qəsdən belə oyun qururlar?
Rəqibin əlinə əsas verilir ki, "uda bilərdik, hakim imkan vermədi" fikrini desin.
Benziya qırmızı vərəqə alsa belə "Qarabağ" yenə qələbə qazana bilərdi.
Bir də digər prizmadan baxmaq vacibdir.
Axı belədə yaxşı oyun keçirən "Araz"ın da finala yüksəlmək üçün şansları bir xeyli artmış olacaqdı.
Rəqibin azlıqda qalması "Araz"ın motivasiyasını birə-beş artırmış, işini asanlaşdırmış olacaqdı.
Faktiki ilk oyunda 90 dəqiqə, cavab görüşündə 65 dəqiqə layiqli mübarizə aparan, qapısında qol görməyən "Araz" son 25 dəqiqəni daha rahat keçirə bilərdi. Bu qədər aydın həqiqəti görməzdən gəlmək olmaz.
Ehtimallar çoxdur. Elə olardı, belə olardı, amma fakt isə ondadır ki, hakim kobud xətaları ilə yadda qalaraq Elmar Baxşıyevin komandasının finala gedən yolunda ən böyük maneə oldu.
XANOĞLAN İMANOV