Kadi ETİRAF ETDİ: “Digərləri ilə münasibətim yaxşıdır, onunla yox”

25 Aprel 22:20 Qarabağ 1 025
Kadi ETİRAF ETDİ: “Digərləri ilə münasibətim yaxşıdır, onunla yox”

“Qarabağ”ın Azərbaycan kubokunun yarımfinalında “Araz-Naxçıvan”ı 3:0 hesabı ilə udduğu oyunda Kadi Borges qol vurmasa da, əhvalı yerində idi.

Ağdamlıların braziliyalı “9 nömrə”si “Kəpəz”lə Tovuzdakı matçdan sonra müsahibə verməkdən imtina etmişdi.

Lakin bu dəfə razılaşdı ki, belədə bir sıra məqamlara aydınlıq gətirmək imkanım oldu.

- Oyundan əvvəl belə hesabla qələbə qazanacağınızı təsəvvür edirdin?

- Matçdan əvvəl heç vaxt hesab təxmini etmirəm. Sadəcə düşünürəm ki, baş məşqçinin tapşırıqlarını yerinə yetirib, meydanda taktiki baxımdan ağıllı oynayıb qələbə qazanmalıyıq. Bu, 1:0 da ola bilər, 3:0 da. “Araz-Naxçıvan” həqiqətən güclü rəqibdir. İlk 60 dəqiqə ərzində bizə boşa zona vermirdilər. Hesab açılandan sonra qolların davamını gətirməyi bacardıq. Allaha təşəkkür edirəm.

- Mərdəkandakı görüşdə Felipe Santosla Yassin Benzia arasında başlayan, sonradan kütləvi davaya keçən məlum hadisə bu oyun üçün prinsipiallıq yaratmışdı. Üstəlik, ilk dueldə 0:1 hesabı ilə uduzmuşduz.

- Prinsipiallıq deməzdim. Həmin hadisə bizə əlavə güc vermişdi. Felipe həmişə belədir, şoumenlik edir, təxribat yaradır. Meydana ayaq basırsansa, mübarizə aparmalı, futbol oynamalısan. Danışmaqla, yıxılmaqla, qışqırmaqla heç nəyə nail olmaq mümkün deyil.

- Eyni ölkədən olduğunuzu nəzərə alsaq, meydandan kənarda görüşüb, dostluq edirsiz?

- Xeyr-xeyr, heç vaxt. “Araz-Naxçıvan”da çox yaxşı dostlarım var. Ramon Maçado yaxın dostlarımdan biridir. Hətta xanımlarımız da rəfiqədirlər, bütün günü birlikdə olurlar. Karlos Jatoba ilə Braziliyada eyni komandada oynamışıq. Onunla da münasibətim yaxşıdır. Felipe ilə yox, yox, yox.

- “Qarabağ”a qayıdışından sonra özünü necə hiss edirsən? Bu, görmək istədiyimiz Kadinin 100 faizidir?

- Ətrafında keyfiyyətli futbolçular varsa, işin rahat olacaq. Bu gün “Qarabağ”da çox yaxşı futbolçular toplaşıb. Ona görə də mənim üçün rahatdır. Və ən vacib amil baş məşqçimizin burada olması və futbol fəlsəfəsini dəyişməməsidir. Bizdən nə istədiyini bilirik, ona uyğun addım atırıq. Lakin mən də daha çox çalışmalıyam ki, azarkeşlərin istədiyini tam verə bilim.

- Yeni mövsümə qədər tam hazır olacaqsan yəqin.

- Bunun üçün çalışıram. Futboldan zövq aldığım üçün öz oyunumla komandama fayda vermək istəyirəm. Yəqin ki, daha yaxşısını edə bilərəm. Görəcəyik.

- 3 il əvvəlki Azərbaycan Premyer Liqası ilə indiki arasında fərq hiss edirsən?

Səviyyə və keyfiyyət çox yüksəlib. Bunu mütləq qeyd etməliyəm. Çempionatı bacardığım qədər diqqətdə saxlamağa çalışırdım. Lakin digər komandaların bu dərəcədə “artırdığını” bilmirdim. Komandanı gücləndirən oyun fəlsəfəsi və futbolçulardır. Çox yaxşı işlər görülür. Bildiyimə görə, növbəti mövsümdə komanda sayı artırılacaq. Belə olacağı halda mübarizənin bir az da gərginləşəcəyini düşünürəm. Keyfiyyətin artması Azərbaycan futbolunun imicinə müsbət təsirini göstərəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:50 Çək və bizə göndər!
25 Aprel 10:40 Burada AYAQ SAXLA!