“Qarabağ” “Neftçi”ni elə bir vəziyyətdə yaxaladı ki...

19 Aprel 17:00 Qarabağ 233
“Qarabağ” “Neftçi”ni elə bir vəziyyətdə yaxaladı ki...

Futbol ictimaiyyəti bu gün səbirsizliklə saat 20:00-ı gözləyir.

Bu axşam gözlər Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Neftçi” qarşılaşmasına dikiləcək.

Fikir verirsinizsə, oyundan əvvəl təbliğat-təşviqat kompaniyasını əsasən çempionluğun bir addımlığında olan “Qarabağ” aparır. Bu da səbəbsiz deyil.

“Neftçi”nin Premyer Liqa yolu ilə avrokuboklara vəsiqə şansı yox dərəcəsində minimuma endiyindən, oyuna maraq əvvəlkitək deyil. Yəni, lap bu gün “ağ-qaralar” əzəli rəqibi üzərində qələbə qazansa belə, mövsümü ilk “4-lük”də başa vurmaq möcüzəyə bərabərdir.

Digər məsələ “ağ-qaralar”ın olan-qalan ümidlərini Azərbaycan kubokuna bağlamasıdır. Titul qazanaraq avrokuboklara yollanmaq şansı yalnız kubok yoluna qaldığından, “Neftçi”dəkilər bütün diqqətini aprelin 23-də “Sabah”la baş tutacaq cavab görüşünə ayırıb. Futbolçuları yüklənmədən və zədədən qorumaq vacib şərtdir.

Və digər məqam bakılıların heyətində ciddi itkilərin olmasıdır. Baş məşqçi Samir Abasov “Qarabağ”la dueldə dörd futbolçunun – Ryonosuke Ohori, Emil Səfərov, Robert Bauer və Edvin Kuçuk xidmətindən yararlana bilməyəcək.

Son günlərdə zədə səbəbindən kənarda qalan Mustafa Seklə Emin Mahmudovun fiziki durumu da ideal sayıla bilməz. Göründüyü kimi, “Neftçi”nin yarımmüdafiə xəttində vəziyyət ürəkaçan deyil.

“Qarabağ”ın əzəli rəqibini özünə doğma olan meydanda qəbul edəcəyini nəzərə alsaq, bu faktın özü də meydan sahiblərini qələbə şansını bir xeyli artırır.

Göründüyü kimi, indiki məqamda “köhlən atlar” bütün cəhətlərdə bakılıları üstələyir. 90 dəqiqənin tamamında “Neftçi”nin üzünün gülməsi üçün əlahiddə möcüzə baş verməlidir. Başqa cür çətin.

Sonda statistika həvəskarları üçün bir faktı da diqqətə çatdıraq. “Qarabağ” cari mövsümdə “Neftçi”ylə bütün qarşılaşmalardan qalib ayrılıb – 4:0, 3:0, 1:0.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 18:10 Çək və bizə göndər!