“Qarabağ”ın tənqidlərə məruz qalan hücumçusu: “Əziyyət çəkirəm”

16 Aprel 14:20 Qarabağ 822
“Qarabağ”ın tənqidlərə məruz qalan hücumçusu: “Əziyyət çəkirəm”

Sportinfo.az “Qarabağ”ın hücumçusu Musa Qurbanlının müsahibəsini təqdim edir:

- Premyer Liqanın 30-cu turunda “Səbail”ə 4:1 hesabı ilə gəldiniz. Oyunla bağlı nə deyə bilərsiniz?

- 4 qol vurub qalib gəldik. Buna görə də sevincliyik. Məqsədimiz qələbə qazanmaq idi. Bilirdik ki, asan oyun olmayacaq. Çünki autsayder olsa da, “Səbail” zəif rəqib deyil.

- Demək olar ki, erkən qollar işinizi daha da asanlaşdırdı?

- Əlbəttə. Erkən qolların vurulması komanda üçün yaxşıdır. İstər-istəməz belədə daha da rahat oynayırsan. Bu, komandaya özünəinam verir. Amma diqqəti də əldən vermək olmaz.

- Növbəti turda “Neftçi” ilə üz-üzə gələcəksiniz. Həmin matçdan gözləntiləriniz?

- Oyuna ciddi hazırlaşırıq. Məqsədimiz qələbə qazanmaqdır. Bizim üçün vacib qarşılaşmadır. “Neftçi” ilə oyunun motivasiyası daha yüksək olur. Əlimizdən gələni edəcəyik ki, növbəti 3 xalımızı qazanaq.

- “Qarabağ” “Neftçi”yə qalib gəlsə və “Zirə” də “Sumqayıt”la matçda xal itirsə, sona 5 tur qalmış çempionluğu rəsmiləşdirəcəksiniz. Bu məqam üzərinizdə əlavə təzyiq yaratmır ki?

- Məlum məsələdir ki, məqsədimiz çempionluqdur. Hər oyuna qalib gəlmək üçün çıxırıq. O cümlədən də “Neftçi” ilə matça. Digər görüşlərin nəticələri barədə çox da düşünmürük. Əsas öz oyunumuzdur.

- Erkən çempionluq baş tutduqdan sonra növbəti turlara necə motivasiya olacaqsınız?

- Bəli, ola bilər bu məqam hardasa komandaya bir qədər təsir göstərsin. Lakin arxayınlaşmaq olmaz. Maksimum çalışmalıyıq. Mövsüm bitdikdən sonra avrokuboklar gəlir. Çalışmalıyıq ki, həmin vaxta qədər yaxşı formada olaq. Həm psixoloji, həm də fiziki baxımdan.

- “Neftçi” ilə oyundan sonra kubokun yarımfinal matçı gəlir. İlk görüşdəki məğlubiyyətin əvəzini çıxmaq mümkün olacaq?

- Məqsədimiz geridönüş edib finala adlamaqdır. Bunun üçün əlimizdən gələni edəcəyik. Təbii ki, heç də asan olmayacaq. “Araz-Naxçıvan”ın güclü olduğunu bilirik.

- Bu gün Azərbaycan çempionatının bombardiləri siyahısında yerli futbolçu yoxdur. Millinin hücumçusu kimi, sizcə, bu, nədən irəli gəlir? Yerli hücumçuların məhsuldarlığının aşağı olmasının səbəbi nədir?

- Çatışmazlıqlar var, mən də hücumçu olaraq bunu anlayıram. Tənqidləri, səslənən fikirləri qəbul edirəm. Məsuliyyət bizim üzərimizdədir. Öz adımdan deyə bilərəm ki, daim dayanmadan çalışıram, üzərimdə işləyirəm. Əlavə məşqlər edirəm. Bir sözlə, çox çalışıram ki, çatışmazlıqları aradan qaldırım. Səbirli olmaq lazımdır. Əzmlə işlədikdə Allah bəhrəsini verir.

- İki il əvvəl çempionatın bombardilərindən biri idiniz. Bugünkü geriləmənizin əsas səbəbi nədir? İsveçdə karyeranızın alınmaması, yoxsa vətənə qayıtdıqdan sonra aldığınız zədənin təsiri?

- Nələrsə alınmayanda, bu, çıxışa təsir edir. Qeyd etdiyiniz kimi, iki il əvvəl çempionatın bombardirləri siyahısında idim, 20 yaşım vardı. Kifayət qədər qol vurmuşdum. Bu barədə özlüyümdə də düşünürəm. Fikirləşirəm ki, 2 il əvvəl o qolları vuran da mən idim. Düzdür, dəyişikliklər olub, amma çalışıram ki, motivasiyam dəyişməsin. Əziyyət çəkirəm, bütün gücümlə çalışıram, maksimum əlimdən gələni edirəm ki, daha yaxşı nəticəni verim. Futbolçu karyerasında enişlər-çıxışlar olur, bütün bunları dərk edirəm, çalışıram səbirlə yanaşım və işimi daha ciddi görüm. İnanıram ki, tezliklə əvvəlkindən də yaxşı forma yığacağam.

Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"
18 Aprel 19:30 Çək və bizə göndər!